“Zəngəzur dəhlizi region üçün açar rol oynayır” Gündəm

“Zəngəzur dəhlizi region üçün açar rol oynayır”

Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda gedən siyasi proseslər regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən birinə çevrilib”.

Bu fikirləri, Milli Məclisin deputatı Əli Məsimli Xalqcəbhəsi.az-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişdən sonra Zəngəzur dəhlizinin açılması məsələsi daha da aktuallaşıb: “Üçtərəfli Birgə Bəyanmanın əsas müddəalarından biri olan nəqliyyat-kommunikasiya xətlərinin açılması regional sabitlik və inteqrasiyanın mühüm elementidir. Sülh sazişinin siyasi niyyət yox, artıq real gündəm mövzusuna çevrilməsi Zəngəzur dəhlizinin açılması ehtimallarını gücləndirib.Bu dəhlizin açılmasını həm beynəlxalq ictimaiyyət müsbət qarşılayır, həm də qlobal güclər bunun zəruriliyini qəbul edirlər. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə bölgə üçün yeni strateji imkanlar yaradır.”

Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizi üç əsas müstəvidə – lokal, regional və beynəlxalq səviyyədə böyük fayda verəcək: “İlk növbədə, dəhliz Naxçıvanı nəqliyyat blokadasından çıxaracaq, Türk Dünyası ilə əlaqələri gücləndirəcək və Azərbaycanın strateji hədəflərinə uyğun olaraq alternativ keçidi təmin edəcək. “Bu, regional yükdaşımaların genişlənməsi, logistikanın inkişafı və tranzit gəlirlərinin artması baxımından həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə üçün real iqtisadi üstünlüklər yaradır.Zəngəzur dəhlizi regional müstəvidə həm məsafəni, həm də yükdaşımaların çatma müddətini əhəmiyyətli dərəcədə azaldacaq, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında dayanıqlı nəqliyyat körpüsü formalaşdıracaq. Dəhliz, eyni zamanda, Çin və Orta Asiya ölkələrinin Azərbaycan–Türkiyə xətti ilə Avropaya çıxışını asanlaşdıraraq ölkəmizi Şərq-Qərb ticarət marşrutunun daha da vacib iştirakçısına çevirəcək”.
Əli Məsimli əlavə edib ki, bu yol həm də Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra formalaşdırdığı yeni geosiyasi reallıqların möhkəmləndirilməsinə xidmət edir:
“Çindən Avropaya yönələn yük axınlarının getdikcə daha çox Azərbaycan üzərindən daşınması gözlənilir. Son illər Aralıq dənizi üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcminin iki dəfəyə yaxın artdıb.Zəngəzur dəhlizi işə düşərsə, Azərbaycan ərazisindən Bakı–Tbilisi–Qarsla yanaşı ikinci strateji nəqliyyat xətti də keçəcək. Bu isə əlavə yük həcmləri, tranzit gəlirləri və ölkəmizin logistik mərkəz kimi mövqeyinin daha da güclənməsi deməkdir. Çin də bu marşrutdan istifadə etməyə maraqlı olacaq.”
Deputat sonda vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması nəinki regional əməkdaşlıq üçün yeni səhifə açır, həm də Azərbaycanın iqtisadi, siyasi və geostrateji mövqelərini daha da möhkəmləndirir”.

Günel Elxan