Qüdrət Həsənquliyev Azərbaycan xalqını təbrik edib Gündəm

Qüdrət Həsənquliyev Azərbaycan xalqını təbrik edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib.
ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, 2026-cı ildə hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və arzularınızın gerçəkləşməsini diləyirəm.
Biz artıq hər növbəti il ərəfəsində torpaqlarımızın işğaldan azad olunması diləyini deyil, yeni hədəflərlə bağlı arzularımızı dilə gətiririk.
Çünki Azərbaycan dövləti və xalqı ərazi bütövlüyü və suverenliyini tam təmin edib və artıq qarşımızda yeni hədəflər var.
Növbəti ildə yekun sülh sazişinin imzalanması ilə bölgəmizdə dayanıqlı sülhün, əminamanlığın təmin olunmasını, insanlarımızın təhlükəsiz və rifah içərisində yaşamasını arzulayıram.
Dəyərli həmvətənlər!
Dünya çox çətin bir mərhələyə qədəm qoyub. Təbii ki, geosiyasi böhranın dərinləşməsi bütün dünyaya, o cümlədən Azərbaycana da təsirsiz ötüşmür.
Bölgəyə sülhün gəlməsini istəməyən qüvvələr niyyətlərindən əl çəkməyiblər. Yenə də birliyimizin pozulmasına cəhdlər müşahidə olunur və bundan sonra da olunacaq.
Ona görə bundan sonra da millət və dövlət olaraq, bütövlüyümüz, birliyimiz və suverenliyimiz uğrunda bütün dünyaya göstərdiyimiz mübarizlik ruhunu bundan sonra da nümayiş etdirməli, yeni hədəflərimizə doğru inamla irəliləməliyik.
Bir daha hər birinizi təbrik edir və uğurlar diləyirəm!”.