12:39
714
“2022-ci ildə ABŞ və Avropa tərəfindən Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra mən birmənalı şəkildə bu sanksiyaların Rusiyanı çökdürəcəyini ifadə etmişdim. Sadəcə bu, zaman məsələsidir. Sanksiyalar Rusiyaya elə bir formada tətbiq edilir ki, bu, bir orqanizmin venasını kəsmək yox, kapilyarlarını kəsməkdir. Yəni kapilyarlarını kəsərək bir orqanizmin sonuna çatmaq cəhdidir. Çünki sanksiyalar hissə-hissə olunur, az-az olunur, hətta müəyyən hallarda sanksiyalardan yayınmağa imkan da yaradılır. Məhz buna görə də prinsip olaraq Rusiya uzun müddətdir ki, öz maliyyə daxilolmalarını, yəni ölkənin iqtisadi dayanıqlığını qoruya bilir. Amma tam qorumur və getdikcə zəifləyir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov söyləyib.
İqtisadçı bildirib ki, son dönəmlərdə isə Rusiyanın kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə, sanksiyaların sərtləşdirilməsi bir daha onu göstərir ki, strategiya həqiqətən də kapilyar strategiyasıdır: “Yəni bir orqanizmi venadan daxil olaraq qansızlaşdırmaq deyil, kapilyarlar vasitəsilə buna nail olmaqdır. Bunu obrazlı ifadə edirəm, amma inanın bu, belədir. Artıq proses sonuncu mərhələyə gəlib çatıb. Yəni bu gün Venesuelada, İranda, Qrenlandiyada baş verənlər bunların hər biri Rusiya məsələsidir. Bu, İran, Qrenlandiya, Venesuela məsələsi deyil, həm də Rusiya məsələsidir. Çünki Rusiyanın Arktikada dayaqlarını laxlatmaq üçün Qrenlandiyada ABŞ mövcud olmalıdır. Yəqin ki, olacaq”.
E.Əmirov əlavə edib ki, ABŞ rəqiblərinin, o cümlədən də Amerika qitəsinin ABŞ-nin tam nəzarətində olması üçün Venesuela məsələsi həll olunmalıdır: “İran isə Rusiyaya bu və ya digər formada dəstək verən ölkədir. Yəni bütün hallarda biz Yer kürəsinin xəritəsini açıb baxmış olsaq görərik ki, həm cənubdan, həm şimaldan istiqamətlər gəlir Rusiya tərəfə toplanır. Yəni bu, Rusiyanı əhatələmək məsələsidir. Bütün bunların da iqtisadi nəticəsi bu, olacaq ki, Rusiya müharibəni davam etdirmək üçün maliyyə qaynaqlarından məhrum olunacaq, ya da yetəri qədər olmayacaq. Nəticədə, Qərb birmənalı şəkildə istədiyinə nail olacaq”.
Röya İsrafilova
11:29
1 323
11:17
1 225
10:50
1 288