IEA: Qlobal bərpa olunan enerji gücləri 2026-2031-ci illərdə 4800 giqavat artacaq Hadisə

IEA: Qlobal bərpa olunan enerji gücləri 2026-2031-ci illərdə 4800 giqavat artacaq

2026–2031-ci illərdə qlobal bərpa olunan elektrik enerjisi istehsalı güclərinin təxminən 4 800 giqavat (GW) artacağı gözlənilir.

“APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA, IEA) “Bərpa olunan enerji 2026” (“Renewables 2026”) hesabatında bildirilib.

Hesabata əsasən, bu artım əvvəlki altıillik dövrlə müqayisədə təxminən 60% çox olacaq. 2031-ci il üçün qlobal bərpa olunan enerji güclərinin artımının dörddə üçündən çoxunun günəş fotoelektrik enerjisinin, qalan əsas hissəsinin isə quruda yerləşən külək elektrik stansiyalarının payına düşəcəyi proqnozlaşdırılır.

IEA-nın qiymətləndirməsinə görə, hazırkı enerji böhranı fonunda hökumətlərin enerji təhlükəsizliyini gücləndirmək, idxal olunan yanacaqlardan asılılığı və qiymət dəyişkənliyinə məruz qalma riskini azaltmaq səyləri bərpa olunan enerjinin daha geniş coğrafiyada inkişafını sürətləndirəcək. Bu baxımdan Hindistanda, Cənub-Şərqi Asiyada, Afrikada və Yaxın Şərqdə yeni güclərin istifadəyə verilməsi sürətlənəcək. Proqnoz dövründə ilk dəfə olaraq Çin istisna olmaqla, inkişaf etməkdə olan ölkələrdə əlavə ediləcək bərpa olunan enerji güclərinin həcminin inkişaf etmiş ölkələrdəki göstəriciyə bərabər olacağı gözlənilir.

Çin qlobal bərpa olunan enerji güclərinin artımına ən böyük töhfə verən ölkə olaraq qalacaq. Bununla belə, ölkənin qlobal artımdakı payının 2025-ci ildəki 60%-dən çox göstəricidən 2026–2031-ci illərdə orta hesabla 53%-ə enəcəyi proqnozlaşdırılır. Hindistan isə dünyanın ikinci ən böyük artım bazarına çevriləcək və 2031-ci ilədək bu ölkənin ümumi bərpa olunan enerji gücləri iki dəfədən çox artacaq.

Cənub-Şərqi Asiya, Yaxın Şərq və Şimali Afrika, eləcə də Saxaradan cənubda yerləşən Afrika ölkələrində də artım sürətlənəcək. Bu regionlarda 2026–2031-ci illərdə əlavə ediləcək bərpa olunan enerji güclərinin həcminin əvvəlki altıillik dövrlə müqayisədə təxminən üç dəfə artacağı gözlənilir.

Hesabata görə, 2031-ci il üçün nəqliyyat sektorunda bərpa olunan enerjidən istifadə 60%-dən çox artacaq və bu mənbələr sektorun qlobal enerji tələbatının 6%-ni təmin edəcək. Artımın təxminən 45%-i elektrik avtomobillərində istifadə olunan bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin, ikinci ən böyük hissəsi isə bioyanacaqların payına düşəcək. Yüksək yanacaq qiymətləri və təchizatla bağlı çətinliklər fonunda bir sıra ölkələr, xüsusilə Cənub-Şərqi Asiya və Latın Amerikasında bioyanacaqların benzinə və dizel yanacağına qarışdırılması üzrə məcburi normaları artırıblar. IEA bioyanacaqla bağlı proqnozunu ötənilki hesabatla müqayisədə 40% yüksəldib.

IEA, həmçinin bərpa olunan enerji sektorunun genişlənməsi fonunda təchizat zəncirlərinin şaxələndirilməsinin vacibliyini vurğulayıb. Hesabatda qeyd olunur ki, Hindistan günəş fotoelektrik modullarının istehsalında mühüm alternativ təchizat mənbəyinə çevrilir. Ölkənin qlobal istehsaldakı payının növbəti beş ildə təxminən iki dəfə artaraq 17%-ə çatacağı gözlənilir.

Hesabatda enerji sistemlərinin çevikliyinin artırılması məsələsinə də diqqət çəkilib. Bildirilib ki, elektrik şəbəkələrinə investisiyalar bərpa olunan enerji güclərinin artım tempinə uyğunlaşdırılmalı, yeni enerji obyektlərinin şəbəkələrə qoşulmasını sürətləndirmək üçün müvafiq islahatlar aparılmalıdır.

Şəbəkəyə qoşulmağı gözləyən və hazırlığın son mərhələlərində olan bərpa olunan enerji və enerji saxlanc layihələrinin ümumi gücü ötən il ərzində 60% artaraq 3 000 GW-a çatıb. Bu, ötən il elektrik şəbəkəsinə qoşulmuş külək və günəş elektrik stansiyalarının ümumi gücündən dörd dəfə çoxdur.

Bundan başqa, bir çox ölkədə batareya əsaslı enerji saxlanc sistemlərinin tətbiqi sürətlənir. IEA hesab edir ki, elektrik enerjisinə tələbatın daha çevik idarə olunması, eləcə də süni intellekt də daxil olmaqla rəqəmsal texnologiyaların tətbiqi bərpa olunan enerji istehsalının yüksək olduğu dövrlərdə elektrik enerjisindən daha səmərəli istifadə etməyə imkan verəcək.