
8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, milli iradənin, dövlət qüdrətinin və sarsılmaz birliyin təntənəsidir. Bu tarix yalnız hərbi qələbənin deyil, uzun illər ərzində formalaşmış siyasi strategiyanın, güclü dövlətçilik düşüncəsinin və xalqın öz liderinə olan inamının təntənəsidir.
Bunu xalqcebhesi.az-a
politoloq Əfəndi İbrahimli deyib
O, qeyd edib ki, hər bir böyük qələbənin arxasında güclü iradə, uzaqgörən siyasət və qətiyyətli rəhbərlik dayanır.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər də məhz belə bir liderliyin parlaq nəticəsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev müharibənin ən mürəkkəb anlarında nümayiş etdirdiyi siyasi iradə, strateji düşüncə, prinsipial mövqe və sarsılmaz qətiyyətlə Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Liderlik yalnız qərar qəbul etmək deyil, xalqı vahid məqsəd ətrafında birləşdirmək, ən çətin məqamlarda cəmiyyətə inam və ruh yüksəkliyi aşılamaqdır.
Prezident İlham Əliyev müharibə dövründə həm siyasi, həm diplomatik, həm də informasiya cəbhəsində nümayiş etdirdiyi qətiyyətlə bu liderlik missiyasını uğurla həyata keçirdi. Onun beynəlxalq mediaya verdiyi müsahibələr, prinsipial mövqeyi və Azərbaycanın haqq işini müdafiə edən çıxışları mübarizəmizin siyasi və informasiya müstəvisində də mühüm rol oynadı:
"Lakin bu Zəfərin ən mühüm dayaqlarından biri də lider, xalq və ordu arasında formalaşmış sarsılmaz birlik idi. Xalq öz liderinin ətrafında sıx birləşdi, dövlətinə güvəndi, ordusuna mənəvi dəstək oldu. Azərbaycan əsgəri isə xalqın ona bəslədiyi inamı döyüş meydanında misilsiz qəhrəmanlıqla doğrultdu. Ön cəbhədə döyüşən hər bir igid, arxa cəbhədə çalışan hər bir vətəndaş bu tarixi qələbənin ayrılmaz iştirakçısına çevrildi.
44 günlük Vətən müharibəsi göstərdi ki, güclü ordu yalnız müasir silahlarla deyil, yüksək döyüş ruhu, vətənpərvərlik, peşəkarlıq və mənəvi birliklə formalaşır. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında hərbi əməliyyatları uğurla həyata keçirərək işğal altındakı torpaqlarımızı azad etdi və xalqımızın uzun illər davam edən həsrətinə son qoydu.
Şuşanın azad edilməsi isə bu Zəfərin zirvəsi, Azərbaycan xalqının tarixi iradəsinin təntənəsi oldu. Məhz həmin günlərdə bir daha sübut edildi ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli rəhbərlik qarşısında heç bir maneə dayana bilməz.
Bu gün 8 Noyabrı qeyd edərkən yalnız keçmişin qəhrəmanlıqlarını xatırlamırıq. Eyni zamanda, bu Zəfərin bizə aşıladığı əsas həqiqəti dərk edirik: dövlətin gücü onun birliyində, xalqın qüdrəti öz liderinə inamında, ordunun yenilməzliyi isə milli ruhundadır.
Zəfər Günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Çünki bu qələbə bir millətin öz taleyinə sahib çıxmasının, milli ləyaqətini bərpa etməsinin və tarix qarşısında öz sözünü deməsinin təcəssümüdür.
Bu Zəfər qətiyyətli liderliyin, qəhrəman ordunun və bir yumruq kimi birləşmiş xalqın ortaq tarixidir. Bu tarixdə İlham Əliyevin liderliyi, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqımızın birliyi əbədi olaraq bir-birini tamamlayacaq.
8 Noyabr – Zəfər Günümüz mübarək olsun!"
Cavid