09:50
553
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixi qələbəsinin növbəti təntənəsi olmaqla yanaşı, həm də dövlətin keçdiyi yolun və əldə etdiyi nailiyyətlərin hesabatıdır.
Bu barədə deputat Hikmət Babaoğlu XalqCəbhəsi.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Zəfər Günü ərəfəsində Azərbaycan xalqı bir daha “Biz bunu necə bacardıq?” sualına cavab axtarır, tarixi qələbənin əldə olunmasını şərtləndirən amilləri təhlil edir və dövlətin qüdrətinə şahidlik edir.
Onun sözlərinə görə, bu qələbə ilk növbədə xalqla dövlət həmrəyliyinin təcəssümü, milli gücün bütün komponentlərinin vahid lider ətrafında birləşməsi və Azərbaycan Ordusunun ən yüksək standartlara uyğun hazırlanması nəticəsində mümkün olub.
H.Babaoğlu vurğulayıb ki, qələbənin əldə edilməsində milli gücün yalnız daxili komponentləri deyil, mənəvi amillər, uzun illər ərzində formalaşdırılan xarici siyasət və diplomatik hazırlıq da mühüm rol oynayıb.
Deputatın fikrincə, Zəfər təkcə hərbi qələbə deyil, həm də Azərbaycan xalqının lider yetişdirmək qüdrətinin nəticəsidir:
“Azərbaycan xalqının erməni faşizminə qalib gəlmək potensialı həmişə olub. Lakin bu potensialı real gücə çevirəcək liderə ehtiyac var idi. Heydər Əliyev və Prezident İlham Əliyev timsalında Azərbaycan xalqı öz liderlərinə qovuşduqdan sonra qələbəni əldə etməyi bacarıb”.
Hikmət Babaoğlu əlavə edib ki, Azərbaycan bu gün tarixi Zəfərini həm də sülh missiyası kimi dəyərləndirir və regionda sülhün bərqərar olması istiqamətində fəaliyyət göstərir.
Günel Elxan