"Azərbaycanın qələbəsi Cənubi Qafqazın siyasi xəritəsini köklü şəkildə dəyişdirdi" Gündəm

"Azərbaycanın qələbəsi Cənubi Qafqazın siyasi xəritəsini köklü şəkildə dəyişdirdi"

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Cənubi Qafqazın siyasi xəritəsini, təhlükəsizlik arxitekturasını və geosiyasi münasibətlər sistemini köklü şəkildə dəyişdirdi. Azərbaycan ordusunun qazandığı hərbi qələbə otuz ilə yaxın davam edən işğal və məcburi köçkünlük dövrünün başa çatması istiqamətində həlledici dönüş nöqtəsi oldu.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanat nəticəsində Ermənistan qüvvələri Azərbaycanın bir sıra işğal altında olan ərazilərindən çıxmalı Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması təmin edildi. Şuşanın azad edilməsi isə müharibənin hərbi-siyasi nəticələrinə xüsusi təsir göstərdi. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün Qarabağ ərazisində bərpası ilə proses yeni mərhələyə qədəm qoydu.

Bu hadisələrə yalnız hərbi qələbə prizmasından baxmaq kifayət etmir. Azərbaycanın əldə etdiyi nəticələrin beynəlxalq hüquq, regional təhlükəsizlik, müharibədən sonrakı bərpa və sülh quruculuğu baxımından da əhəmiyyəti var. Xüsusilə də diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan hərbi üstünluk əldə etdikdən sonra da Ermənistanla münasibətlərin siyasi-diplomatik yolla tənzimlənməsinin tərəfdarı olduğunu bəyan edib və sülh gündəliyini irəli aparıb" - o, deyib.

Şahbazi qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü məsələsi yalnız ölkəmizin siyasi mövqeyinə əsaslanmırdı. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdə hərbi əməliyyatların dayandırılmasına, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasına və münaqişənin sülh yolu ilə həllinə çağırmışdı. Xüsusilə də 1993-cü ilin noyabr ayının 12-də qəbul edilmiş 884 saylı qətnamədə Zəngilan rayonu və Horadiz istiqamətindəki hərbi əməliyyatlarla bağlı narahatlıq ifadə edilmiş, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması tələb olunmuşdu.

Bu sənədlərin əhəmiyyəti ondan ibarətdir ki, Qarabağ münaqişəsi beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü və işğal edilmiş ərazilər məsələsi kontekstində də nəzərdən keçirilirdi. 2020-ci il müharibəsi beynəlxalq medianın geniş diqqət mərkəzində idi.

Nüfuzlu media qurumları Azərbaycanın hərbi uğurlarını, ərazilərin işğaldan azad edilməsini və regionda yeni qüvvələr balansının formalaşmasını işıqlandırırdı. Bütün bunlar onu göstərirdi ki, 2020-ci il müharibəsi təkcə iki ölkə arasında qarşıdurma deyildi.

O, postsovet məkanında uzun müddət dondurulmuş münaqişələrin dəyişməz olmadığını, siyasi və hərbi reallıqlar dəyişdikdə əvvəlki status-kvonun da aradan qalxa biləcəyini nümayiş etdirdi:

"Müharibədən sonra Azərbaycanın qarşısında iki böyük vəzifə dayanırdı.
1. Azad edilmiş ərazilərdə həyatın bərpası.
2. Ermənistanla dövlətlərarası münasibətlərin yeni hüquqi əsaslar üzərində qurulması.

Birinci istiqamətdə Böyük Qayıdış proqramı həyata keçirilməyə başlandı. Uzun illər doğma yurdlarından didərgin düşmüş minlərlə insanların geri qaytarılması, yaşayış məntəqələrinin yenidən qurulması, yolların, enerji və kommunikasiya infrastrukturunun yaradılması postmüharibə dövrünün əsas prioritetlərindən birinə çevrildi.

Həmçinin qələbənin tarixi əhəmiyyəti yalnız torpaqların qaytarılması ilə ölçülmür. Həmin ərazilərdə insanların təhlükəsiz, firavan və davamlı həyatın təmin edilməsi də qələbənin mühüm nəticələrindən biridir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın, ABŞ prezidenti Donald Trampın iştirakı ilə birgə Bəyannamə imzalaması sülh prosesində mühüm hadisə oldu.

Həmin görüşdə sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni paraflandı. Tərəflər həmçinin ATƏT-in Minsk qrupunun bağlanması üçün birgə müraciət imzaladılar. Bəyannamədə 1991-ci il Almatı Bəyannaməsinə, beynəlxalq sərhədlərin toxunulmazlığına və ərazi əldə etmək məqsədilə güc tətbiqinin yolverilməzliyinə istinad etməklə imzalandı.

Avropa İttifaqı da öz növbəsində Azərbaycan və Ermənistanın qarşılıqlı suverenliyinin və ərazi bütövlüyünün tanınmasını, razılaşdırılmış addımların həyata keçirilməsini vacib hesab etdiyini bildirdi. Burada Azərbaycanın diplomatik baxımdan əldə etdiyi nəticə, xüsusi diqqətə layiqdir.

Münaqişənin uzun müddət davam etmiş beynəlxalq vasitəçilik formatı öz yerini birbaşa Azərbaycan -Ermənistan danışıqlarına verdi. Bu, tərəflərin gələcəkdə üçüncü ölkələrin vasitəçiliyindən asılı olmadan qurulması imkanını genişləndirir.

Bu baxımdan hesab edirəm ki, Azərbaycanın müharibədən sonra nümayiş etdirdiyi siyasi xəttin mühüm xüsusiyyəti ondan ibarətdir ki, hərbi qələbə dövlət suverenliyinin möhkəmləndirilməsi və regional sülhün və təhlükəsizliyin qurulması üçün imkan olaraq təqdim olunur. Bu yanaşmanın beynəlxalq aləmdə əhəmiyyəti var.

Çünki müasir dünyada münaqişələrin hərbi yolla dayandırılması ilə yanaşı , onların siyasi baxımdan həll edilməsi arasında ciddi fikir ayrılıqları və etimadsızlıq mövcuddur. Bu baxımdan Azərbaycan təcrübəsi dunyada baş verən münaqişələr üçün, ən məqbul variantlardan hesab oluna bilər".

Cavid