“Azərbaycan separatizmin kökünü təkbaşına, öz gücü hesabına kəsdi” Gündəm

“Azərbaycan separatizmin kökünü təkbaşına, öz gücü hesabına kəsdi”

“Bu gün dünyada çoxsaylı separatizmlə müşayiət olunan münaqişələr var. Onların bir çoxu qanlı toqquşmalara gətirib çıxarıb. Azərbaycan yeganə ölkədir ki, separatizmin kökünü təkbaşına, öz gücü hesabına kəsdi”.

Bunu xalqcebhesi.az-a politoloq Abutalıb Səmədov deyib.

Politoloq bildirib ki, o zaman böyük diplomatik iş də aparıldı, ancaq əsas zərbəni Azərbaycan Ordusu, Azərbaycan əsgəri vurdu: “44 günlük Vətən müharibəsində əvvəlcə ərazi bütövlüyümüz bərpa olundu, sonra isə suverenliyimiz bütün ərazimizdə təmin olundu. Bundan sonra erməni işğalçılarının xaraba qoyduğu, darmadağın etdiyi ərazilərin bərpa olunması başladı. Böyük Qayıdış proqramı işə düşdü, nəhəng infrastruktur layihələr reallaşdırıldı”.

A.Səmədov söyləyib ki, bütün bu işləri biz təkbaşına etdik: “Düzdür, bizə kömək edən qardaş dövlətlər oldu. Ancaq bu yardım simvolik yardımdır. Əsas yük Azərbaycan dövlətinin, onun maliyyə resurslarının üzərinə düşdü və biz heç kimdən heç nə ummadan, gözləmədən təkbaşına bu böyük layihələrə start verdik. Minaları təmizlədik, ərazilərdə yaşayış məntəqələri saldıq, yeni infrastruktur layihələrinə start verdik. İnsanlarımız həsrətində olduğu torpaqlara qayıtdılar. Bu proseslər davam edir və Azərbaycan dövləti bundan sonra da bu böyük fəaliyyəti təkbaşına, heç kimin köməyinə ümid bağlamadan davam etdirmək niyyətindədir”.

Röya İsrafilova