“44 günlük müharibə uzun illərin hazırlığının və siyasi iradənin nəticəsi idi” Gündəm

“44 günlük müharibə uzun illərin hazırlığının və siyasi iradənin nəticəsi idi”

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində təkcə təqvimdə qeyd olunan tarix deyil, milli yaddaşa və xalqın taleyinə həkk olunan gündür.
XalqCəbhəsi.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Zəfər Günü ilə bağlı açıqlamasında bildirib.
Deputat qeyd edib ki, 2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunduğunu bütün dünyaya bəyan edib. Bu xəbər otuz ilə yaxın davam edən həsrətə, ağrıya və gözləntiyə son qoyub.
N.Həmzəyevin sözlərinə görə, Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq başlayıb. Lakin bu cavab gözlənilməz olmayıb. Ötən illər ərzində ordu quruculuğuna ardıcıl diqqət göstərilib, müasir texnika və silahlarla təchiz olunma, döyüş hazırlığının yüksəldilməsi və peşəkar kadr potensialının formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.
O bildirib ki, 44 günlük müharibə uzun illərin hazırlığının, dəqiq strateji planlaşdırmanın və möhkəm siyasi iradənin nəticəsi idi.
Deputat vurğulayıb ki, cəbhədə qazanılan uğurlar Ali Baş Komandanın birbaşa rəhbərliyi altında həyata keçirilib. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və onlarla şəhər, qəsəbə və kəndin işğaldan azad edilməsi bir-birini izləyib. Ən mühüm məqam isə Şuşa əməliyyatı olub. Çətin dağlıq relyefdə, strateji baxımdan çox əlverişli mövqelərdə yerləşən qədim mədəniyyət beşiyimizin azad edilməsi hərbi sənət baxımından da nadir nümunə kimi dəyərləndirilir.
N.Həmzəyev qeyd edib ki, Zəfər təkcə döyüş meydanında qazanılmayıb. Prezident İlham Əliyev müharibə dövründə həm hərbi, həm siyasi, həm də informasiya cəbhəsində ardıcıl və prinsipial mövqe nümayiş etdirib. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Azərbaycanın haqq işinin əsasını təşkil edib. Azərbaycan lideri dünya ictimaiyyətinə həqiqətləri çatdırıb, dəqiq və inandırıcı arqumentlərlə ölkəmizin mövqeyini müdafiə edib. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat isə münaqişənin siyasi həllində yeni mərhələ açıb.
Deputatın sözlərinə görə, bu Zəfərin ən dəyərli sirlərindən biri xalqın birliyi olub. Müharibə günlərində bütün cəmiyyət vahid yumruq kimi birləşib. Yaşından, peşəsindən, yaşadığı yerdən asılı olmayaraq insanlar ordunun arxasında dayanıb. Könüllü olaraq cəbhəyə yollananlar, qan verənlər, şəhid ailələrinə dəstək olanlar, maddi yardım toplayanlar, xaricdə ölkə həqiqətlərini təbliğ edən soydaşlarımız bu birliyin canlı təzahürü olub.
O bildirib ki, “Xalq-ordu birliyi” ifadəsi həmin günlərdə şüar olmaqdan çıxaraq real həyat həqiqətinə çevrilib. Ordu xalqın dəstəyini, xalq isə ordunun qələbə əzmini hiss edib. Məhz bu qarşılıqlı etimad Zəfərin əsas mənəvi dayağı olub.
N.Həmzəyev diqqətə çatdırıb ki, Zəfər minlərlə igid övladımızın qanı və canı bahasına qazanılıb. Şəhidlər Vətənin bütövlüyü uğrunda ən uca fədakarlığı göstərib, qazilər isə bu yolda sağlamlığını qurban verib, amma mübarizə ruhunu itirməyib. Hər bir əsgər, zabit və general öz üzərinə düşən missiyanı şərəflə yerinə yetirib.
Deputat şəhid ailələrinin fədakarlığına da toxunub. O bildirib ki, şəhid analarının, atalarının, həyat yoldaşlarının və övladlarının dözümü də bu Zəfərin ayrılmaz hissəsidir. Onların göz yaşı ilə qürur yanaşı gəzir, itkinin ağrısı Vətənin azadlığı ilə təsəlli tapır.
N.Həmzəyev vurğulayıb ki, 8 Noyabr yalnız keçmişə baxış günü deyil, həm də gələcəyə məsuliyyət günüdür. Azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır, yollar çəkilir, enerji və kommunikasiya infrastrukturu yaradılır, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu, Zəfərin təbii davamı və onun real nəticəsidir.
Deputat əlavə edib ki, gənc nəslin Zəfər ruhunda, vətənpərvərlik və milli dəyərlər əsasında tərbiyə olunması mühüm vəzifədir. Çünki qələbəni qazanmaq çətin olsa da, onu qorumaq və yaşatmaq daha böyük məsuliyyət tələb edir.
“8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının iradəsinin, birliyinin və ədalət uğrunda mübarizəsinin rəmzidir. Bu gün biz şəhidlərimizin xatirəsini ehtiramla anır, qazilərimizə minnətdarlıq bildirir, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi qələbəni qürurla qeyd edirik. Zəfər bizə bir həqiqəti bir daha göstərdi: birlik olan yerdə qələbə qaçılmazdır. Bu həqiqəti yaddaşımızda saxlamaq, Vətənə sədaqətlə xidmət etmək isə hər birimizin müqəddəs borcudur. Zəfərimiz mübarək olsun!”, - deyə deputat bildirib.

Günel Elxan