20:02
756
“Son vaxtlar Kreml tərəfindən Ermənistana ünvanlanan dolayısı hədələyici açıqlamaların sayı nəzərəçarpacaq dərəcədə artıb”.
Bunu politoloq Cavanşir Abbaslı xalqcebhesi.az saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu mesajlar birbaşa ifadə olunmasa da, mətnaltı formada İrəvana ciddi siyasi siqnallar ötürülür:
“Xüsusilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son açıqlamaları bu xəttin açıq göstəricisidir:
“Bu, Kremlin klassik yanaşmasıdır. Vladimir Putin birbaşa danışmaq əvəzinə Zaxarova kimi fiqurlar vasitəsilə, ola bilsin ki, yaxın vaxtlarda Sergey Lavrov da bu sıraya qoşulsun, öz mesajlarını Ermənistana ötürür. Bu mesajların əsas mahiyyəti ondan ibarətdir ki, Rusiya alternativsizdir və onu başqa güclə əvəz etmək mümkün deyil. Bu açıqlamalar mahiyyət etibarilə Ermənistana yönəlmiş açıq təhdiddir.Kreml açıq şəkildə demək istəyir ki, sən mənim forpostumsan və istəsəm, illərlə qurduğum sistemi bir gecənin içində çökdürərəm. 20 il ərzində formalaşdırılmış siyasi və təhlükəsizlik sistemi bir anda dağıdıla bilər. Bu, sıradan açıqlama deyil və Ermənistan rəhbərliyi bunu ciddi şəkildə hesablamalıdır.Ermənistanın baş naziri Nikol Paşinyan bu mesajları görməzdən gələ bilməz.Rusiyanın Ermənistana yatırdığı on milyardlarla rubl investisiya, eləcə də Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının hələ də saxlanılması göstərir ki, Ermənistan faktiki olaraq Rusiyanın təhlükəsizlik çətiri altındadır və bu çətirdən çıxmaq üçün real gücə malik deyil.”
Onun sözlərinə görə, Ermənistanın real müstəqilliyi üçün həmin hərbi bazanın ölkə ərazisindən çıxarılması vacibdir, lakin mövcud siyasi reallıqlar bunu mümkünsüz edir:
“Paşinyan hakimiyyətinin buna gücü çatmır. Bu da onu göstərir ki, Ermənistan hələ uzun müddət Rusiyadan asılı vəziyyətdə qalacaq.
Bu cür proseslər region üçün də ciddi risklər yaradır.Əgər Ukrayna prosesi başa çatarsa, Rusiya diqqətini yenidən Cənubi Qafqaza, xüsusilə də Ermənistana yönəldə bilər. Bu isə regionda təhlükəsizlik balansının pozulmasına və Ermənistan üçün ciddi təhdidlərin yaranmasına səbəb ola bilər.
Bu ilin yayında keçiriləcək seçkilərdən sonra Paşinyanın yenidən Rusiya istiqamətində siyasi kurs götürməsi ehtimalı yüksəkdir və bu addımı atmağa məcbur qalacaq.
Günel Elxan