Hərbi eskalasiyanı gecikdirən diplomatik oyun: Türkiyənin rolu Gündəm

Hərbi eskalasiyanı gecikdirən diplomatik oyun: Türkiyənin rolu

Regionda sabitliyin qorunması və mümkün münaqişələrin qarşısının alınması məsələsi hazırkı qlobal və regional gündəmin əsas prioritetlərindən biridir. ABŞ–İran qarşıdurması, İran–İsrail gərginliyi və digər regional proseslər fonunda aktorların diplomatik manevr imkanları, təsir gücü və vasitəçilik rolu diqqət mərkəzindədir. Bu baxımdan Türkiyə həm NATO üzvü olaraq, həm Tehranla enerji və təhlükəsizlik dialoqunu qorumaqla, həm də İsraillə diplomatik münasibətləri tam kəsməməsi sayəsində unikal mövqeyə malikdir. Ankara bu imkanlardan istifadə edərək münaqişələrin başlanmasının gecikdirilməsi və tərəflərin danışıqlar masasına cəlb olunması üçün müxtəlif kanallar vasitəsilə fəal diplomatik səylər göstərib.

“Region sabitliyində Türkiyənin rolu”

Deputat Azər Allahverənov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Türkiyə regionda mümkün münaqişələrin qarşısının alınması üçün müxtəlif kanallar vasitəsilə fəal diplomatik səylər göstərib və tərəfləri danışıqlar masasına cəlb etməyə çalışıb.

Deputat qeyd edib ki, təbii ki Türkiyə çox cəhd elədi müxtəlif kanallar vasitəsilə şəxslərin bu prosesə cəlb olunması yolu ilə mümkün münaqişənin qarşısını alsın: “Hətta biz bunu onda gördük ki, faktiki olaraq Türkiyə tərəfi vasitəçilik missiyasını da öz üzərinə götürməyə hazır olduğunu bildirdi. İstənilən halda Türkiyə maraqlı idi ki, bu münaqişə məhz baş verməsin. Yəni ən azından sülh danışıqları yolu ilə və ya diplomatik danışıqlar vasitəsilə tərəflər bir növ razılığa gəlsin”.

Azər Allahverənov vurğulayıb ki, Türkiyənin diplomatik manevr imkanları bilavasitə tərəflərin danışıqlara nə qədər hazır olmasından asılıdır: “Ona görə biz hətta gördük ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında aparılan danışıqlarda tərəflər öz mövqelərində çox israrlı idilər. Bu cür şəraitdə tərəfləri bir masa ətrafında əyləşdirmək və hansısa razılığın əldə olunması üçün göstərilən səylər kifayət etmir. Əgər tərəflərin razılığa gəlmək niyyəti yoxdursa, kənardan nə qədər də dəstək göstərilsə və şərait yaradılsa belə, nəticə əldə etmək mümkün deyil.

Türkiyə hazırda da müxtəlif siyasi gedişlər edərək hadisələrin ağır məcraya yönəlməsinin qarşısını almağa çalışır. Pərdəarxası təmasların saxlanılmasında Türkiyənin iştirakını təxmin etmək mümkündür. Bu da onu göstərir ki, Türkiyə prosesin eskalasiyaya keçməsində maraqlı deyil və bütün hallarda maksimum diplomatik resurslardan istifadə edir”.

“Türkiyənin vasitəçilik sınağı”

Politoloq Elman Telmanoğlu diqqətə çatdırıb ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanın “Türkiyə müharibənin başlamasını gecikdirdi” açıqlaması bir neçə aspektdə qiymətləndirilə bilər.

O qeyd edib ki, birinci istiqamət Türkiyənin real diplomatik təsir imkanlarını göstərir: “Ankara həm İran, həm İsrail, həm də Amerika Birləşmiş Ştatları ilə paralel kanallara malik nadir regional aktorlardandır. NATO üzvü olmaqla yanaşı, Tehranla enerji və təhlükəsizlik dialoqunu saxlaması, İsraillə diplomatik münasibətləri tam qoparmaması Türkiyəyə arxa qapı diplomatiyası üçün platforma yaradır. Əgər hərbi eskalasiya müəyyən müddət ertələnibsə, bu, Türkiyənin böhran idarəetmə bacarığının göstəricisidir”.

Lakin Telmanoğlu əlavə edib ki, “gecikdirmək” ifadəsi “qarşısını almaq” anlamına gəlmir: “Ankara prosesin trayektoriyasını tam dəyişdirəcək gücdə deyil, sadəcə zaman və intensivlik üzərində məhdud təsir göstərə bilir. İran–İsrail xəttində qərarverici aktorlar daha çox Vaşinqton–Tehran–Təl-Əviv üçbucağında formalaşır. Bu kontekstdə Türkiyənin rolu əsas oyunçu deyil, daha çox vasitəçi və balanslaşdırıcı aktor statusundadır. Türkiyənin son illərdə regionda artan iddialı xarici siyasəti – Suriya, Cənubi Qafqaz və Qara Dəniz xətti – diplomatik yükünü artırıb və bir neçə böhranı eyni anda idarə etmək imkanlarını məhdudlaşdırır. ABŞ ilə münasibətlərdə dalğalanmalar və İsraillə siyasi ritorikanın sərtləşməsi isə Ankaranın neytral vasitəçi obrazına müəyyən zərbə vurur. Nəticə etibarilə, Fidanın açıqlaması Türkiyənin prosesə təsirsiz olmadığını göstərir, amma həlledici güc mərkəzi olmadığını sübut edir. Ankara daha çox

“gecikdirən və yumşaldan", lakin strateji istiqaməti müəyyən etməyən aktor kimi çıxış edir. Bu da onun real, lakin məhdud diplomatik manevr imkanlarına sahib olduğunu göstərir”.

Günel Elxan