ABŞ-İran müharibəsi: münaqişə nə qədər davam edəcək? Gündəm

ABŞ-İran müharibəsi: münaqişə nə qədər davam edəcək?

İran ətrafında gərginlik səngimir və baş verənlər bütün dünyada narahatlıq yaradır. Artan gərginlik fonunda ABŞ və İsrail İranın müxtəlif ərazilərinə yeni zərbələr endirməyə davam edir. Ən son məlumatlara görə, Tehran və Urmiya atəşə tutulub. Urmiyaya endirilən hava zərbələri nəticəsində 9 nəfərin həyatını itirdiyi deyilir.

“Xalq Cəbhəsi” bundan sonrakı prosesdə vəziyyətin necə olacağını, müharibənin nə qədər davam edəcəyini millət vəkilləri, politoloqlarla müzakirə edib.

“Münaqişə hələ bir müddət davam edəcək”

Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, bu gün dünya gündəmi İranda baş verənləri müzakirə etməkdədir: “Prosesin hara və hansı məcraya doğru gedəcəyi ilə bağlı ciddi narahatlıqlar var. Görünən odur ki, münaqişə hələ bir müddət davam edəcək. Eyni zamanda, İran geri çəkilmək niyyətində deyil. O mənada biz hələ bir müddət gərginliyin davam edəcəyini görəcəyik. Tərəflərin hələ ki, ortaq məxrəcə gəlmə ehtimalı çox azdır. Yəni bu gün bu məsələ onu göstərir ki, hələ ki, tərəflər arasında danışıq mövzusu müzakirə deyil. İran ali dini rəhbərini seçəcək, eləcə də İran dövləti region ölkələrini hədəf almağa davam edəcək. Bu da təbii ki, bölgədə ciddi gərginliyin davam edəcəyinin göstəricisi və işarəsidir”.

Yeni siyasi mərhələnin başlanması

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva qeyd edib ki, İran tərəfinin Ayətullah Əli Xameneinin öldüyünü rəsmi şəkildə təsdiqləməsi ölkədə və regionda yeni siyasi mərhələnin başlanması anlamına gəlir: “İran Konstitusiyasına əsasən, ali liderin vəfatı halında rəhbərlik mexanizmləri müəyyən edilmiş prosedur üzrə işləməlidir və varisin seçilməsi səlahiyyəti 88 üzvdən ibarət Ekspertlər Məclisinə məxsusdur. Keçid dövründə idarəetmənin fasiləsizliyini təmin etmək üçün müvəqqəti mexanizmlərin tətbiqi nəzərdə tutulur. Hazırkı mərhələdə əsas diqqət təhlükəsizlik strukturlarının mövqeyinə, ictimai sabitliyin qorunmasına və dövlət institutlarının koordinasiyalı fəaliyyətinə yönəlib. Paralel olaraq, son hərbi hadisələr və infrastruktur zərbələri fonunda daxili təhlükəsizlik gündəliyi daha da aktuallaşıb”.

“Hadisə diqqətlə izlənilir”

Z.Qarayeva əlavə edib ki, beynəlxalq müstəvidə isə hadisə regional balans və diplomatik proseslər baxımından diqqətlə izlənilir: “Müxtəlif ölkələr vəziyyətin sabit və nəzarət olunan keçid çərçivəsində inkişaf etməsinin vacibliyini vurğulayırlar. İran daxilində siyasi və dini elita arasında mümkün namizədlərlə bağlı müzakirələrin intensivləşəcəyi gözlənilir. Eyni zamanda, hərbi və təhlükəsizlik strukturlarının prosesdə rolu yeni idarəetmə modelinin formalaşmasında həlledici faktor kimi qiymətləndirilir. Mövcud mərhələdə hadisələrin inkişaf istiqaməti həm daxili siyasi konsensusun səviyyəsindən, həm də regional təhlükəsizlik dinamikasından asılı olacaq”.

Röya İsrafilova