“İran Azərbaycana mesaj verir?” Gündəm

“İran Azərbaycana mesaj verir?”

“İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu regionda müəyyən siyasi mesajların verilməsi cəhdi kimi də qiymətləndirilə bilər”.

Bu barədə politoloq Əli Mustafa Xalqcebhesi.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, İran uzun müddətdir Zəngəzur dəhlizi məsələsinə etiraz edir və baş verən hadisə bu mövqe ilə əlaqəli ola bilər:“Uzun müddətdir ki, İranın Zəngəzur dəhlizi ilə bağlı narazılığı məlumdur. Bu hücum müəyyən mənada Tehranın Cənubi Qafqazda hələ də təsir imkanlarının olduğunu göstərmək cəhdi kimi də qiymətləndirilə bilər. İran bu addımla həm Azərbaycanı təzyiq altında saxlamaq, həm də üçüncü tərəflərə mesaj vermək istəyə bilər”.

Eyni zamanda o bildirib ki, bu hadisə hansısa radikal və ya anti-Azərbaycan qrupların təşəbbüsü də ola bilər: “Hər bir halda baş verən hadisə Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır və rəsmi Bakı artıq İran qarşısında öz tələblərini qoyub. İran bu hadisəyə aydınlıq gətirməli, üzr istəməli və bu addımı törədən şəxslərin cəzalandırılmasını təmin etməlidir”.

Politoloqun fikrincə, bu cür addımlar Azərbaycan–İran münasibətlərinə mənfi təsir göstərə və bölgədə gərginliyi daha da artırmağa səbəb ola bilər.

Günel Elxan