NATO-nun gələcəyi: tərəflər kompromisə gəlməsə... Dünya

NATO-nun gələcəyi: tərəflər kompromisə gəlməsə...

Son dövrlərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, xüsusilə ABŞ ilə Avropa İttifaqı arasında müşahidə olunan fikir ayrılıqları transatlantik əməkdaşlığın gələcəyi ilə bağlı müzakirələri daha da intensivləşdirib. Qlobal təhlükəsizlik mühitində artan risklər, regional münaqişələrin genişlənməsi, enerji və iqtisadi sahələrdə qeyri-müəyyənliklər fonunda Avro-Atlantik məkanın dayanıqlılığı məsələsi yenidən diqqət mərkəzinə çıxır.

Xüsusilə NATO daxilində müşahidə olunan fikir ayrılıqları, müdafiə xərcləri, strateji prioritetlər və qlobal yanaşmalarla bağlı fərqli mövqelər alyansın gələcək fəaliyyət mexanizmləri barədə suallar doğurur.

Aİ-də birlik çağırışı

Deputat Könül Nurullayeva “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib ki, Son dövrlərdə transatlantik münasibətlərin gələcəyi ilə bağlı müzakirələrin intensivləşməsi beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib: “Xüsusilə ABŞ ilə Avropa İttifaqı arasında müşahidə olunan fikir ayrılıqları bu münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı yeni suallar doğurur. Mövcud geosiyasi şərait, təhlükəsizlik çağırışları və qlobal güc balansında baş verən dəyişikliklər tərəflər arasında koordinasiyanın əhəmiyyətini daha da artırır”.

Onun sözlərinə görə, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın ABŞ-nin Avropa ilə vahid blok kimi deyil, daha az təsir gücünə malik ayrı-ayrı dövlətlər toplusu kimi işləməyə üstünlük verə biləcəyi ilə bağlı fikirləri Brüssel və Vaşinqton arasında münasibətlərin mürəkkəb mərhələyə daxil olduğunu göstərir: “NATO onilliklərdir Şimali Amerika ilə Avropanı kollektiv müdafiə prinsipi əsasında birləşdirən Avro-Atlantik təhlükəsizlik sisteminin əsas sütunu kimi çıxış edir. Lakin son illərdə müdafiə xərcləri, strateji prioritetlər, ticarət münasibətləri və geosiyasi yanaşmalar üzrə ortaya çıxan fikir ayrılıqları alyans daxilində müəyyən narahatlıqlar yaradır”.

Deputat qeyd edib ki, Vaşinqtonun getdikcə ayrı-ayrı Avropa paytaxtları ilə ikitərəfli münasibətlərə üstünlük verməsi Brüsselin ortaq təhlükəsizlik gündəmini formalaşdırmaq imkanlarını zəiflədə bilər: “Belə bir tendensiya NATO kimi konsensus əsasında fəaliyyət göstərən təşkilatın qərar qəbuletmə mexanizmlərini daha mürəkkəb vəziyyətə sala bilər. İttifaq daxilində mümkün parçalanma isə yeni təhlükəsizlik çağırışlarına qarşı kollektiv reaksiyanın zəifləməsinə gətirib çıxara bilər”.

Könül Nurullayeva vurğulayıb ki, Kaya Kallasın səsləndirdiyi çağırış əslində Avropa İttifaqı daxilində daha sıx koordinasiyanın və vahid mövqenin formalaşdırılmasının vacibliyinə işarə edir: “Bu mesaj onu göstərir ki, NATO-nun gələcək gücü və effektivliyi böyük ölçüdə Avropa ölkələrinin birlik və həmrəyliyindən asılı olacaq. Əgər bu birlik zəifləyərsə, alyansın təsir imkanları da məhdudlaşa bilər”.

Onun fikrincə, hazırda əsas məsələ transatlantik tərəfdaşlar arasında yaranan fikir ayrılıqlarının dərinləşməsinin qarşısını almaq və onları konstruktiv dialoq müstəvisinə yönləndirməkdir: “Əslində NATO-nun gələcəyi tərəflərin kompromis tapmaq və ortaq təhlükəsizlik maraqlarını qorumaq qabiliyyətindən asılıdır. Lakin mövcud geosiyasi reallıqlar fonunda bu kompromisin əldə olunması asan görünmür”.

Deputat əlavə edib ki, qlobal təhlükəsizlik arxitekturasının dəyişdiyi bir dövrdə həm ABŞ, həm də Avropa İttifaqı qarşılıqlı etimadı qorumaqla yanaşı, yeni əməkdaşlıq mexanizmləri formalaşdırmağa çalışmalıdır. Yalnız bu halda mövcud risklərin idarə olunması və kollektiv təhlükəsizlik sisteminin dayanıqlılığı təmin edilə bilər.

“NATO-nun strateji əhəmiyyəti dəyişmir”

Politoloq Rəşad Bayramov vurğulayıb ki, ABŞ və Avropa Birliyi arasında mövcud fikir ayrılıqları NATO daxilində müəyyən gərginlik yaratsa da, bu, alyansın bütövlüyünü qısa müddətdə sarsıdacaq səviyyədə deyil.

Onun sözlərinə görə, NATO-nun fəaliyyətinin əsasında dayanan kollektiv müdafiə prinsipi həm ABŞ, həm də Avropa ölkələri üçün strateji əhəmiyyətini qoruyur və bu mexanizm alyans daxilində əsas birləşdirici faktor kimi çıxış edir: “Rusiya–Ukrayna müharibəsi və ümumilikdə qlobal təhlükəsizlik risklərinin artması fonunda NATO üzvlərinin bir-birinə olan ehtiyacı daha da güclənib. Bu reallıq tərəfləri mövcud fikir ayrılıqlarına baxmayaraq əməkdaşlığı davam etdirməyə məcbur edir”.

Politoloq qeyd edib ki, son illərdə Avropa ölkələri tərəfindən daha çox səsləndirilən “strateji muxtariyyət” ideyası da bu kontekstdə qiymətləndirilməlidir: “Avropa İttifaqı müdafiə sahəsində daha müstəqil imkanlar formalaşdırmağa çalışır. Lakin bu yanaşma NATO-nun alternativi kimi deyil, daha çox Avropanın öz təhlükəsizlik potensialını gücləndirməsi kimi təqdim olunur. Yəni məqsəd alyansı əvəzləmək yox, onu tamamlayan əlavə imkanlar yaratmaqdır”.

Rəşad Bayramov hesab edir ki, mövcud geosiyasi şərait tərəfləri daha praqmatik davranmağa vadar edir: “Artan təhlükəsizlik riskləri, regional münaqişələr və qlobal qeyri-müəyyənlik ABŞ və Avropa ölkələrini əməkdaşlığı qorumağa, dialoq mexanizmlərini gücləndirməyə sövq edir. Çünki alternativ təhlükəsizlik platformalarının qısa müddətdə NATO-nu əvəz etməsi real görünmür”.

Onun fikrincə, NATO daxilində münasibətlərin gələcək inkişafı böyük ölçüdə tərəflərin maraqlarını nə dərəcədə uzlaşdıra bilməsindən asılı olacaq: “Əgər ABŞ və Avropa ölkələri təhlükəsizlik prioritetləri üzrə ortaq mövqe formalaşdıra bilsələr, alyansın dayanıqlılığı qorunacaq. Əks halda isə müəyyən fikir ayrılıqları davam etsə də, bu, NATO-nun fəaliyyətini tam iflic edəcək səviyyəyə çatmayacaq”.

Sonda politoloq vurğulayıb ki, hazırkı mərhələdə əsas məsələ mövcud fikir ayrılıqlarını dərinləşdirmək yox, onları konstruktiv dialoq və əməkdaşlıq çərçivəsində idarə etməkdir. Bu yanaşma NATO-nun uzunmüddətli sabitliyi və effektivliyi baxımından həlledici əhəmiyyət daşıyır.

Günel Elxan