
“28 fevral 2026-cı ildən etibarən ABŞ və İsrail tərəfindən İran-a qarşı başladılan hava əməliyyatları və ölkənin ali rəhbəri Əli Xamenei-nin öldürülməsi Yaxın Şərqdə vəziyyəti kəskin şəkildə gərginləşdirib”.
Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib.
Deputatın sözlərinə görə, bu hadisələrdən sonra İran SEPAH vasitəsilə Hörmüz boğazı üzərində faktiki nəzarəti gücləndirib, gəmi hərəkətinə məhdudiyyətlər tətbiq edib, hücumlar həyata keçirib və boğazın minalanması ilə bağlı bəyanatlar səsləndirib:
“12 aprel 2026-cı ildə Pakistan-da keçirilən danışıqların nəticəsiz qalmasından sonra Donald Trump ABŞ-ın Hörmüz boğazına dəniz blokadası tətbiq edəcəyini açıqlayıb.
Bu qərar qlobal enerji bazarlarına dərhal təsir göstərdi. ABŞ xam neftinin qiyməti 8 faiz artaraq 104,24 dollara, Brent nefti isə 7 faiz bahalaşaraq 102,29 dollara yüksəldi. Bu, bir daha göstərir ki, Hörmüz boğazında baş verən hər hansı gərginlik qlobal iqtisadiyyata birbaşa təsir edir. Böhrandan əvvəl Hörmüz boğazından dünya üzrə dəniz yolu ilə daşınan neftin 25 faizi və maye təbii qazın 20 faizi keçirdi ki, bu da regionun strateji əhəmiyyətini açıq şəkildə ortaya qoyur.ABŞ-ın tətbiq etdiyi blokada əsasən İran limanlarına yönəlmiş gəmiləri əhatə etsə də, praktikada bu ayrımın tətbiqi kifayət qədər çətin görünür. Xüsusilə Çin, Hindistan və Pakistan kimi ölkələrin gəmilərinin bu marşrutdan istifadə etməsi əlavə geosiyasi gərginlik yarada bilər.
ABŞ-ın bu addımı İran tərəfindən müharibə aktı kimi qiymətləndirilir və bu da eskalasiyanın daha da artmasına səbəb ola bilər.İran tərəfi bu addımı beynəlxalq sularda gəmilərin hərəkətinə qoyulan qeyri-qanuni məhdudiyyət, hətta piratlıq aktı kimi dəyərləndirir. Bu isə vəziyyətin daha təhlükəli mərhələyə keçə biləcəyini göstərir.
Hazırkı şəraitdə vəziyyətin inkişafı üç əsas ssenari üzrə mümkün görünür.
Birinci ssenariyə görə, İran nüvə proqramı ilə bağlı kompromisə gedə və Hörmüz boğazı açılar. İkinci halda qarşılıqlı blokada davam edər, neft qiymətləri yüksək səviyyədə qalmaqda davam edər və qlobal iqtisadiyyata təzyiq artar. Üçüncü və ən riskli ssenari isə hərbi qarşıdurmanın yenidən genişlənməsi və boğazın tam bağlanmasıdır ki, bu da 1973-cü il neft böhranından daha ağır nəticələrə gətirib çıxara bilər”.
Naqif Həmzəyev sonda qeyd edib ki, mövcud vəziyyətdə Hörmüz boğazına nəzarət İran üçün əsas strateji rıçaq olaraq qalır və böhranın gələcək inkişaf trayektoriyası məhz bu amildən asılı olacaq.
Günel Elxan