“ABŞ öz ordusunu tam əvvəlki səviyyəyə çatdırmaq niyyətindədir” Gündəm

“ABŞ öz ordusunu tam əvvəlki səviyyəyə çatdırmaq niyyətindədir”

“Yaxın Şərqdə, İran ətrafında baş verən müharibədən sonra ABŞ təkcə PrSM-lərlə bağlı yox, ümumiyyətlə, həm “Patriot”ların, həm də “THAAD”-ların raketlərini almaqla bağlı müqavilə bağlayıb və çox sayda raketlər alacaq. Bunun əsas səbəbləri ondan ibarətdir ki, birincisi, müharibələrdə bu raketlər həddindən artıq çox istifadə olundu. Həm 12 günlük toqquşma zamanı da istifadə olundu, həm o raketləri ABŞ öz balansından, həm də Avropadan pulunu almaq şərti ilə Ukraynaya göndərirdi, həm də məlum bu 40 günlük müharibədə bu raketlərdən həddindən artıq istifadə olundu”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib.

S.Məmməd qeyd edib ki, raketlər istifadə olundusa anbarlar boşalır və bu anbarları doldurmaq lazımdır: “Yəni bu, əslində bu gün üçün lazım deyil, boşalmış anbarların yerini doldurmaq üçün lazımdır və müqavilə imzalamış şirkətlər də bunu qısa zamanda həll edə bilməyəcəklər. Faktiki olaraq qeyd edilir ki, məsələn, onların alışı, müqavilələr və s. 2027-ci il nəzərdə tutulub. Yəni müharibələr baş verdikcə raketlər istifadə olunur və onların yerini doldurmaq lazımdır. Ona görə də ABŞ tərəfi hərbi büdcənin artırılması ilə bağlı addımlar atır. Onun da əsas səbəbi məhz bununla bağlıdır”.

Ekspertin sözlərinə görə, hərbi büdcə təkcə silah-sursata getmir, onların 2 aviadaşıyıcısı təmirə dayanmalıdır: “Bunlar hamısı böyük xərclər tələb edir. Bundan başqa, əlavə aviadaşıyıcıların alınması ilə bağlı yenidən işlər görülür. Bütün bunların hamısını nəzərə aldıqda ABŞ tərəfi təbii ki, həm boşalmış anbarlarını, həm də müharibədə sınaqdan daha uğurlu çıxmış raketlərinin yerini doldurmaq istəyir. Təbii ki, bu qədər silah-sursatın alınması güc balansını dəyişməkdən əlavə, ABŞ yenidən öz ordusunu tam əvvəlki səviyyəyə gətirib çatdırmaq və gələcəkdəki müharibə üçün tam hazır olmaq niyyətindədir”.

Röya İsrafilova