Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq Mədəniyyət

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq

25 aprel, saat 12:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında gənc rejissor Ayla Osmanovanın quruluşunda Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçiriləcək.

Birhissəli səhnə əsərinin quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova, Hüseyn Bayramov iştirak edirlər.

Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır! O, nağıl qəhrəmanlarını özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir.