
“ABŞ yüksək dəqiqlikli PrSM (Precision Strike Missile) raketlərinin alışını kəskin şəkildə artırmağı planlaşdırır. Bu barədə Pentaqon-un büdcə sənədlərində məlumat verilir. Sənədlərə əsasən 2027-ci maliyyə ilində PrSM proqramı üçün 1,92 milyard dollar vəsait ayrılması nəzərdə tutulur. Bu isə 2026-cı ildə ayrılmış 546 milyon dollarla müqayisədə təxminən üç dəfədən çox artım deməkdir. Eyni zamanda, ABŞ müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olan Lockheed Martin ilə bu raketlərin istehsalının dördqat artırılması barədə razılaşma əldə olunub. PrSM raketləri ABŞ ordusunda uzun müddət istifadə edilən ATACMS sistemlərini əvəz etmək üçün hazırlanıb. Yeni nəsil raketlər daha uzun mənzil, yüksək dəqiqlik və çevik tətbiq imkanları ilə seçilir. Onlar mobil platformalar – xüsusilə HIMARS və MLRS sistemləri vasitəsilə buraxıla bilir ki, bu da operativ çevikliyi əhəmiyyətli dərəcədə artırır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı söyləyib.
A.Şuşalı bildirib ki, ABŞ-nin bu addımı bir neçə əsas məqsədə xidmət edir: “İlk növbədə, son illərdə Çin və Rusiya tərəfindən inkişaf etdirilən uzaqmənzilli zərbə sistemlərinə qarşı balansın bərpası hədəflənir. Bununla yanaşı, PrSM raketləri rəqib ölkələrin hava hücumundan müdafiə və “anti-access/area denial” (A2/AD) zonalarının uzaq məsafədən zərərsizləşdirilməsi üçün effektiv vasitə hesab olunur. Bu isə ABŞ-yə potensial münaqişə zonalarında daha sürətli və dəqiq reaksiya imkanı verir. Yeni raketlərin geniş tətbiqi Yaxın Şərqdə qüvvələr balansına da birbaşa təsir göstərə bilər. Xüsusilə İran kimi ölkələr üçün bu, əlavə strateji təzyiq deməkdir. PrSM raketləri vasitəsilə ABŞ İranın dərinliklərində yerləşən hərbi infrastrukturu daha dəqiq və uzaq məsafədən hədəfə ala bilər”.
Onun sözlərinə görə, digər tərəfdən, İsrail və Körfəz regionundakı müttəfiqlər üçün bu sistemlər əlavə təhlükəsizlik təminatı yaradır: “ABŞ-nin regiondakı hərbi mövcudluğu və zərbə imkanları daha da güclənir. PrSM proqramının genişləndirilməsi qlobal miqyasda da mühüm nəticələr doğura bilər. Bu addım yeni silahlanma yarışını sürətləndirə, xüsusilə Çin və Rusiya kimi gücləri analoji və ya daha inkişaf etmiş sistemlər üzərində işi intensivləşdirməyə sövq edə bilər. Eyni zamanda, NATO çərçivəsində də uzaqmənzilli zərbə konsepsiyalarına marağın artacağı gözlənilir. Bu isə Avropada hərbi doktrinanın transformasiyasına səbəb ola bilər”.
O eləcə də deyib ki, ABŞ-nin PrSM raketlərinə yönəltdiyi irihəcmli investisiya müasir müharibə konsepsiyasının dəyişdiyini göstərir: “Uzaqmənzilli və yüksək dəqiqlikli silah sistemləri artıq yalnız taktiki deyil, strateji üstünlüyün əsas elementinə çevrilir. Bu proses ABŞ-yə qlobal hərbi balansda mövqeyini gücləndirmək imkanı versə də, eyni zamanda, beynəlxalq təhlükəsizlik mühitində gərginliyin artması və yeni silahlanma yarışının sürətlənməsi riskini də artırır”.
Röya İsrafilova