“Neytrallıq müharibəni böyütmür” Gündəm

“Neytrallıq müharibəni böyütmür”

“Böyük Britaniya və Avropa ölkələrinin İranla müharibəyə qoşulmaması, eyni zamanda Hörmüz boğazında blokadanı dəstəkləməməsi münaqişənin qloballaşmasının qarşısını alan əsas amillərdəndir”.

Bunu Milli Məclisin deputatı Azər Badamov “Xalq Cəbhəsi”nə açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, bu neytral mövqe gərginliyin diplomatik yollarla aradan qaldırılması üçün vasitəçilik imkanlarını da qoruyub saxlayır: “Böyük Britaniya bunun öz müharibəsi olmadığını açıq şəkildə bəyan edir və Avropa ölkələrinin ABŞ-ın Fars körfəzi ilə bağlı çağırışlarına qoşulmaması Qərb daxilində vahid mövqenin zəiflədiyini göstərir.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO ölkələrini kifayət qədər dəstək verməməkdə ittiham etməsinə baxmayaraq, bunun real nəticələri müşahidə olunmur. Faktiki olaraq, Qərb daxilində müəyyən fikir ayrılıqları mövcuddur və bu da proseslərə birbaşa təsir edir. Dünyanın əsas ticarət arteriyalarından biri olan Hörmüz boğazının bağlı qalması qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır.Hazırda vəziyyət onu göstərir ki, İran öz mövqeyindən geri çəkilmir və tələblərini ABŞ-a qəbul etdirməkdə israrlıdır. Bu isə münaqişənin hərbi yox, siyasi-diplomatik müstəvidə həllinin daha məqsədəuyğun olduğunu bir daha sübut edir.
Böyük Britaniyanın Baş naziri Keyr Ştarmerin də qeyd etdiyi kimi, problemin ən optimal həlli bütün tərəflərin səylərini birləşdirərək diplomatik yollarla razılaşmaya nail olmaqdır.
Britaniyanın neytral mövqeyi Avropa və Körfəz ölkələrinin daha ehtiyatlı davranmasına imkan yaradır və nəticə etibarilə müharibənin genişmiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısını alır”.

Günel Elxan