“Optimal çıxış yolu yenə də danışıqlardır” Gündəm

“Optimal çıxış yolu yenə də danışıqlardır”

“Bu müharibə ABŞ-İsrail və İran arasında hərbi əməliyyatlar deyil, aşkar görünür ki, müharibəyə çox aktiv şəkildə Çin qoşulub və İrana hərbi dəstəkdən başqa digər bütün mümkün dəstəyi verir. Eyni zamanda, Rusiya iştirak edir. Status-kvonun indiki şəraitdə qalması və bu status-kvo ətrafında, yəni atəşkəs ətrafında bütün regionu əhatə edən və regiona sabitlik vəd edən sazişin imzalanması tərəfdarı kimi Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir kimi böyük region ölkələri çıxış edir. Bu istiqamətdə ciddi diplomatik koalisiya formalaşıb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert qeyd edib ki, Körfəz müharibəsi artıq bütün dünyanı iqtisadi böhranla təhdid edir: “Bu yöndən ABŞ-nin texniki və potensial baxımdan hərbi əməliyyatlara başlamasına heç bir maneə yoxudr. Yəni ABŞ-nin imkanı, potensialı çatır ki, istənilən vaxt hərbi əməliyyatlara başlasın və yenidən İrana sarsıdıcı aviazərbələr, raket zərbələri vursun. Lakin məsələni strateji müstəvidə qiymətləndirəndə bu zərbələrin və hərbi əməliyyatların ABŞ-nin o strateji məqsədlərinə, yəni İranın nüvə potensialını sıfıra yaxın vəziyyətə gətirmək, o cümlədən İsrail üçün təhlükəsiz mühit yaratmaq və Hörmüz boğazının açılması, sərbəst naviqasiyanı təmin etmək, bölgə ölkələri müttəfiqləri yaxın və uzaq perspektiv üçün qorumaq məqsədlərinə cavab verməyəcək. Yəni hərbi əməliyyatlara başlamaq, eskalasiyanı aparmaq bu məqsədlərə çatmağa imkan verməyəcək”.

Z.İbrahimlinin sözlərinə görə, eyni zamanda, İran üçün də artıq bundan sonra hərbi müstəvidə müqavimət göstərmək xüsusi bir üstünlük yaratmayacaq: “Yəni danışıqların davam etməsi üçün kifayət qədər zəmin var. O bir başqa məsələ ki, tərəflər tamamilə fərqli diplomatik dildə danışırlar, onların danışıqlar predmeti barədə ümumi razılığı belə yoxdur. Lakin qeyd etdiyim məhdudiyyətlər, xüsusən hazırda dünya iqtisadiyyatı üçün müşahidə olunan çətinliklər, o cümlədən İranın özündəki iqtisadiyyatın tamamilə dağıdılması və bunun ardından gələcək çətinliklər tərəfləri danışıqlar aparmağa məcbur edəcək. Hətta düşünürəm ki, müharibənin ikinci mərhələsi başlasa belə birinci mərhələ qədər uzunmüddətli və miqyaslı olmayacaq. Bu baxımdan hazırda ehtimal etmək olar ki, tərəflər üçün optimal çıxış yolu yenə də danışıqlar olaraq qalır”.

Röya İsrafilova