11:44
931
“ABŞ və İran arasında 15 iyunda əldə olunan çərçivə razılaşmasına baxmayaraq qarşılıqlı hücumların yenidən artması göstərir ki, tərəflər arasında fundamental etimad böhranı hələ aradan qalxmayıb”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
E.Telmanoğlunun sözlərinə görə, müvəqqəti razılaşma daha çox taktiki fasilə xarakteri daşıyırdı, strateji barış isə təmin edilməmişdi: “Gərginliyin yenidən alovlanması Yaxın Şərqdə təhlükəsizlik risklərini artırır. Bu vəziyyət ilk növbədə regionda proksi qüvvələrin aktivləşməsinə, enerji bazarlarında qeyri-sabitliyə və diplomatik kanalların zəifləməsinə səbəb ola bilər. Xüsusilə, hər iki tərəfin daxili siyasi auditoriyaya güc nümayiş etdirmək istəyi kompromis imkanlarını məhdudlaşdırır”.
O bildirib ki, məsələyə siyasi prizmadan baxsaq, hazırkı eskalasiya üç ssenari vəd edir, məhdud hərbi toqquşmaların davamı, beynəlxalq vasitəçiliklə yeni danışıqlar mərhələsi və ya daha geniş regional qarşıdurma: “Ən real ssenari isə kontrollu gərginlikdir, yəni tərəflər bir-birinə təzyiq göstərsə də, tammiqyaslı müharibədən yayınmağa çalışacaqlar. Bu da göstərir ki, ABŞ-İran münasibətlərində sabitlik hələlik uzaq perspektiv olaraq qalır”.
Röya İsrafilova