“Ekoloji nəzarət gücləndirilməlidir” Gündəm

“Ekoloji nəzarət gücləndirilməlidir”

“Hazırda Azərbaycanın ekoloji siyasəti ümumilikdə müsbət istiqamətdə inkişaf edir. Bununla belə, icra və nəzarət mexanizmlərinin daha da gücləndirilməsinə ehtiyac var”.

Bunu ekoloq İlqar Xəlilov Xalqcebhesi.az saytına açıqlamasında bildirib.

O qeyd edib ki, son illərdə Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, emissiyaların azaldılması, tullantıların idarə olunması, yaşıllıqların artırılması və iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində mühüm tədbirlər həyata keçirilir:

“2035-ci ilədək emissiyaların 40 faiz azaldılması istiqamətində fəaliyyətin gücləndirilməsi ilə yanaşı, ekoloji nəticələrin davamlı olması üçün iqtisadi inkişafla ətraf mühitin mühafizəsi arasında daha ciddi balans yaradılmalıdır. Azərbaycanda ekoloji problemlərin həlli üçün günəş və külək enerjisindən istifadənin artırılması, neft və qazdan asılılığın azaldılması, sənaye müəssisələrində müasir, enerjiyə qənaət edən, aztullantılı və tullantısız texnologiyaların tətbiqi vacibdir. O, meşələrin və yaşıllıq sahələrinin qorunub artırılmasının, şəhərlərdə yeni parkların salınmasının və magistral yollar boyunca yaşıllaşdırma işlərinin aparılmasının əhəmiyyətini vurğulayıb. Ekoloq, həmçinin biomüxtəlifliyin qorunması məqsədilə yeni milli parkların və qoruqların yaradılmasını zəruri hesab edib. Sənaye və məişət tullantılarının toplanması, daşınması, çeşidlənməsi və təkrar istifadəsi üzrə səmərəli idarəetmə sistemi ölkənin bütün ərazisini əhatə etməlidir. Su ehtiyatlarının qorunması və səmərəli istifadəsi də ekoloji siyasətin əsas istiqamətlərindən biri olmalıdır. Bunun üçün sənayedə qapalı dövriyyəli su sistemlərinin, kənd təsərrüfatında isə damcı suvarma texnologiyalarının tətbiqi genişləndirilməlidir”.

O əlavə edib ki, nəqliyyatda elektrik avtomobillərindən və ictimai nəqliyyatdan istifadənin artırılması ətraf mühitə mənfi təsirlərin azaldılmasına kömək edə bilər.

Ekoloq ekoloji qanunvericiliyin təkmilləşdirilməsinin, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsinin, ekoloji standartların, monitorinqin və idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasının da vacibliyini qeyd edib.

İlqar Xəlilov sonda ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, ekoloji siyasətin səmərəliliyi yalnız qəbul edilən qərarlardan deyil, onların icrasına nəzarətin gücləndirilməsindən və cəmiyyətin bu prosesdə fəal iştirakından da asılıdır.

Günel Elxan