11:44
539
“Türkiyədə keçirilməsi təklif olunan görüşdən ilk növbədə İranla ABŞ arasında gərginliyin azaldılması və tərəflərin dialoqa qayıtması istiqamətində müəyyən irəliləyiş gözləmək olar. Lakin hazırkı ziddiyyətlərin miqyasını nəzərə alsaq, qısa müddətdə hərtərəfli razılaşmanın əldə olunması real görünmür. Daha çox tərəflərin mövqelərinin yaxınlaşdırılması və danışıqlar üçün ilkin çərçivənin formalaşdırılması ehtimalı yüksəkdir”.
Bunu xalqcebhesi.az-a politoloq Elman Telmanoğlu deyib.
E.Telmanoğlu söyləyib ki, əsas məsələlərdən biri Hörmüz boğazının açılması və ABŞ-nin İrana qarşı blokadasının aradan qaldırılması olacaq: “Tehran bu addımları iqtisadi təzyiqin azaldılması baxımından prioritet hesab edir. Vaşinqton isə öz növbəsində İranın konkret öhdəliklər götürməsində maraqlıdır. Buna görə qarşılıqlı güzəştlər əsasında mərhələli razılaşma əldə olunması mümkün variantlardan biridir. Nüvə proqramı məsələsi isə danışıqların ən mürəkkəb istiqaməti olaraq qalacaq. Beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə buraxılması şəffaflığın artırılmasına və etimadın bərpasına xidmət edə bilər. Bununla belə, İranın suverenlik və təhlükəsizliklə bağlı narahatlıqları, ABŞ-nin isə nüvə fəaliyyətinə dair sərt tələbləri bu istiqamətdə razılaşmanı çətinləşdirə bilər”.
E.Elmanoğlunun sözlərinə görə, ümumilikdə, görüşün əsas nəticəsi yekun sülh sazişindən daha çox, gərginliyin azaldılması üzrə ilkin razılaşmaların əldə olunması ola bilər: “Türkiyənin vasitəçilik üçün məkan kimi seçilməsi diplomatik prosesə əlavə imkanlar yaradır. Lakin real nəticə tərəflərin qarşılıqlı güzəştlərə nə dərəcədə hazır olmasından və əldə ediləcək razılaşmaların icra mexanizmlərindən asılı olacaq”.
Röya İsrafilova