ABŞ-nin nüvə laboratoriyasında yanğın baş verib Dünya

ABŞ-nin nüvə laboratoriyasında yanğın baş verib

ABŞ-ın Cənubi Karolina ştatında ABŞ Energetika Nazirliyinin nüvə kompleksi ərazisində yerləşən "Savannah River" Milli Laboratoriyasında yanğın baş verib. Hadisə "ABŞ-da nüvə qəzası" kimi qiymətləndirilib.

Xalqcebhesi.az xəbər verir ki, obyektin nümayəndələrinin "CNN"ə verdiyi məlumata görə, yanğını söndürmək mümkün olub. Kompleksin hüdudlarından kənarda radioaktiv çirklənmə əlamətləri aşkar edilməyib.

Fövqəladə vəziyyət rejimi yerli vaxtla saat 17:39-da (Bakı vaxtı ilə növbəti gün saat 01:39-da) elan edilib. Ehtiyat tədbiri olaraq obyektin yerləşdiyi rayonda avtomobil, dəmir yolu, çay və hava hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Saat 21:45-ə qədər (Bakı vaxtı ilə 05:45) fövqəladə vəziyyət rejimi tamamilə ləğv edilib, hərəkət bərpa olunub, heyətə isə adi iş qrafikinə qayıtmağa icazə verilib.

"Savannah River" kompleksi 1950-ci illərdə nüvə silahında istifadə olunan materialların istehsalı üçün tikilib. Bu gün burada tritium istehsalı, işlənmiş nüvə yanacağının təkrar emalı və nüvə materiallarının saxlanılması davam etdirilir.

Məryəm Quliyeva