“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb Hadisə

“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 5 fəsil, 27 maddədən ibarətdir, vəzifəli şəxslərin fəaliyyətində səmərəliliyin və şəffaflığın yüksəldilməsi, onların dövlət və ictimai maraqlara cavab verən fəaliyyətinin təmin edilməsi və cəmiyyətdə onlara etimadın artırılması üçün vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı məsələləri tənzimləyir, habelə onların xidməti vəzifələrini icra etdikləri və ondan sonrakı dövrdə maraqlar toqquşmasının qarşısının alınması məqsədilə tətbiq edilən məhdudiyyətləri (qadağaları) müəyyən edir.

Layihəyə əsasən, maraqlar toqquşmasının idarə edilməsi prinsipləri sırasına vicdanlı davranış, dövlət və ya ictimai maraqların üstünlüyü, maraqlar toqquşması risklərinin erkən aşkar edilməsi və bu risklərə cavab tədbirlərinin çevikliyi, vəzifəli şəxsin fəaliyyətində şəffaflıq, vəzifəli şəxsin fəaliyyətinə etimad hüququnun qorunması, vəzifəli şəxsin fəaliyyətində hesabatlılıq və məsuliyyət, dürüstlük, obyektivlik və qərəzsizlik daxildir.

Maraqlar toqquşmasının qarşısının alınması istiqamətində ilkin tədbirlər sırasında isə vəzifəli şəxs tərəfindən aktivlərin özgəninkiləşdirilməsi, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, konkret iş üzrə qərar qəbul etmə prosesində iştirakdan imtina edilməsi, normativ hüquqi aktlarda vəzifəli şəxs üçün nəzərdə tutulmuş hər hansı məhdudiyyətə (qadağaya) zidd təklifin rədd edilməsi, maraqlar toqquşması davam etdikdə vəzifədən azad olunması ilə bağlı müraciət edilməsi var.

Qəbul olunacağı təqdirdə qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.