14:12
658
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) şəhər transformasiyası və mənzil siyasəti sahəsində qlobal əməkdaşlığı daha da gücləndirib.
Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün rəsmi qapanış mətbuat konfransında deyib.
O bildirib ki, forum çərçivəsində qlobal mənzil böhranının aradan qaldırılması, mənzil sistemlərinin və maliyyələşmə mexanizmlərinin yenidən balanslaşdırılması, yerli icmaların gücləndirilməsi və iqlimə davamlı şəhər inkişafının təşviqi əsas prioritetlər kimi müəyyənləşdirilib.
Rossbaxın sözlərinə görə, WUF13-ün əsas nəticələrindən biri olan “Bakı Fəaliyyətə Çağırışı” (Baku Call to Action) bu istiqamətlər üzrə gələcək fəaliyyət üçün mühüm istinad sənədinə çevriləcək.
UN-Habitat rəhbəri qeyd edib ki, forum bir daha göstərdi ki, qlobal mənzil böhranının həlli üçün zəruri bilik, təcrübə və siyasi iradə mövcuddur.
“Bakıda gördüyümüz mənzərə aydındır. Həll yolları, bilik və öhdəlik mövcuddur. Qarşıdakı vəzifə artıq gündəliyi müəyyənləşdirmək deyil, onu həyata keçirməkdir”, - o vurğulayıb.
Rossbax bildirib ki, WUF13 şəhər transformasiyası naminə qlobal koalisiyanı daha da gücləndirib və forumun uğuru yalnız burada aparılan müzakirələrlə deyil, bundan sonra şəhərlərdə, icmalarda və milli siyasətlərdə görüləcək işlərlə ölçüləcək.
“Biz Bakıdan yenilənmiş qətiyyət, daha güclü tərəfdaşlıqlar və öhdəlikləri əmələ çevirmək üçün ortaq məsuliyyət hissi ilə ayrılırıq”, - UN-Habitat rəhbəri əlavə edib.
O qeyd edib ki, növbəti Ümumdünya Şəhərsalma Forumu 2028-ci ildə Meksika şəhərində keçiriləcək: "Həmin vaxta qədər adekvat mənzilə çıxışın genişləndirilməsi istiqamətində real irəliləyişə nail olunacağına ümid edirik".