14:20
2 198
Ən böyük kriptovalyuta birjası olan "Binance", Tehranın sanksiyalardan yan keçməsində əsas fiqur hesab olunan iranlı biznesmen Babək Zəncani ilə əlaqəli şəbəkə tərəfindən istifadə edilmiş ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Araşdırmanın məlumatlarına görə, son iki il ərzində bu şəbəkənin hesabları vasitəsilə təxminən 850 milyon dollar dəyərində kriptovalyuta dövriyyəsi keçib. Sanksiyalar üzrə ekspertlər iddia edirlər ki, vəsaitlərin bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli strukturların maliyyələşdirilməsinə yönəldilə bilərdi.
Qeyd olunur ki, "Binance" şübhəli fəaliyyətlə bağlı daxili xəbərdarlıqlar qeydə alsa da, bəzi hesablar aylarla işləməyə davam edib. Onların arasında "Zedcex" kripto-şirkətinin və Zəncaninin ətrafındakı şəxslərin hesabları qeyd olunur. Şübhəli əməliyyatlara dair daxili bildirişlərə baxmayaraq, əsas hesab azı 15 ay ərzində fəaliyyətini davam etdirib və 2026-cı ilin yanvar ayına olan məlumata görə hələ də aktiv olub.
"Binance" ittihamları rədd edərək vurğulayıb ki, birja sanksiya tətbiq edilmiş şəxslərlə əməliyyatların aparılmasına icazə vermir və son illərdə uyğunluq və çirkli pulların yuyulmasına qarşı mübarizə sistemini əhəmiyyətli dərəcədə gücləndirib.
Məryəm Quliyeva