Əminə Məhəmməd: Bakıda əməkdaşlığın böyük problemlərin həllində effektiv vasitə olduğunu gördük Siyasət

Əminə Məhəmməd: Bakıda əməkdaşlığın böyük problemlərin həllində effektiv vasitə olduğunu gördük

“Bu həftə Bakıda gördüyümüz ən vacib məqamlardan biri əməkdaşlığın yalnız işlək mexanizm deyil, həm də böyük problemlərin həllində effektiv vasitə olmasıdır”.

APA xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində çıxışında deyib.

O bildirib ki, hazırda ən güclü əməkdaşlıq formalarından biri yerli və regional səviyyədə formalaşır.

BMT rəsmisi qeyd edib ki, təbii fəlakətlər zamanı ilk reaksiyanı məhz yerli hökumətlər verir: “Onlar su, nəqliyyat, mənzil və layiqli iş təmin edir, insanlar və institutlar arasında etimadı bərpa edirlər”.

Onun sözlərinə görə, BMT islahatlarının mərkəzində də yerli və regional hökumətlərlə əməkdaşlığın gücləndirilməsi dayanır. Bu yanaşma Baş katibin 2025-ci il hesabatında da əksini tapıb.

BMT nümayəndəsi bildirib ki, forumda 176 ölkədən 50 mindən çox iştirakçı bir araya gəlib: “Hamımızın məqsədi insanlara layiqli, dayanıqlı və əlaqəli urbanizasiya gələcəyi qurmaqdır”.

O vurğulayıb ki, 2030-cu ilə qədər qalan vaxt Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını sürətləndirmək üçün istifadə edilməlidir: “Bizə daha çox ambisiya və daha çox maliyyə lazımdır. Yeni Şəhər Gündəliyinin növbəti onilliyi əvvəlki kimi ola bilməz”.