
“ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə çərçivə sazişinin imzalanması ilk baxışdan İrəvanın beynəlxalq dəstəyinin güclənməsi kimi görünə bilər”.
Bu fikirləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telman oğlu deyib.
Onun sözlərinə görə, lakin regionun geosiyasi reallıqları göstərir ki, bu cür təşəbbüslər Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini sarsıtmaq gücündə deyil. hazırda Cənubi Qafqazın əsas nəqliyyat, enerji və logistika mərkəzi Azərbaycandır:
“Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində aparıcı rol oynayır, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir. Eyni zamanda ölkəmiz Türk dünyasını birləşdirən əsas tranzit həlqələrindən biridir. Ermənistan isə hələ də regional layihələrin böyük hissəsindən kənarda qalan ölkə statusunu tam aradan qaldıra bilməyib”.
Politoloq bildirib ki, ABŞ-ın Ermənistanla əməkdaşlığı müəyyən iqtisadi və siyasi imkanlar yarada bilər, lakin regionun geosiyasi xəritəsini dəyişən əsas faktorlar Azərbaycanın iştirak etdiyi enerji və nəqliyyat marşrutları olaraq qalır:
“Bu gün beynəlxalq aktorlar üçün ən etibarlı və işlək kommunikasiyalar məhz Azərbaycanın iştirakı ilə fəaliyyət göstərir. Bu baxımdan yeni layihələrin meydana çıxması Bakının əhəmiyyətini azaltmır. Əksinə, regionda rəqabətin artdığı şəraitdə Azərbaycanın strateji çəkisini daha da ön plana çıxarır”.
Ekspert hesab edir ki, xarici güclərin Ermənistana marağının artması müəyyən mənada Azərbaycanın geosiyasi əhəmiyyətinin etirafı kimi də qiymətləndirilə bilər:
“Çünki regionda qüvvələr balansını dəyişmək istəyən hər bir aktor ilk növbədə Azərbaycanın yaratdığı yeni reallıqları nəzərə almağa məcburdur. 44 günlük Vətən müharibəsindən sonra formalaşan geosiyasi mənzərə göstərdi ki, Cənubi Qafqazda əsas söz sahibi olan ölkələrdən biri məhz Azərbaycandır”.
Elman Telman oğlunun fikrincə, TRIPP layihəsi Azərbaycanın mövqeyini zəiflətməkdən daha çox, ölkənin malik olduğu üstünlükləri bir daha nümayiş etdirən amilə çevrilə bilər:
“Regionun təhlükəsizlik, enerji və nəqliyyat arxitekturasında Azərbaycanın alternativi hələ ki, mövcud deyil. Bu səbəbdən ABŞ-Ermənistan əməkdaşlığı müəyyən siyasi mesajlar daşısa da, yaxın perspektivdə Azərbaycanın regional liderlik mövqeyinə təsir göstərəcək faktor kimi görünmür”.
Politoloq əlavə edib ki, bu qəbildən olan məlumatlar müəyyən mənada Ermənistanda qarşıdan gələn siyasi proseslər və seçkilər kontekstində ictimai rəyə təsir göstərməyə hesablanmış PR elementləri kimi də qiymətləndirilə bilər:
“Məsələnin daha dərin geosiyasi fonuna nəzər saldıqda isə burada təkcə Ermənistanın maraqlarını deyil, həm də Cənubi Qafqaz uğrunda rəqabət aparan ABŞ və Rusiyanın strateji maraqlarının toqquşmasını müşahidə etmək mümkündür”.
Günel Elxan