Hindistanda siklon səbəbindən 30 min insan təxliyə edilir Dünya

Hindistanda siklon səbəbindən 30 min insan təxliyə edilir

Yaxınlaşan "Murasu" siklonu ilə əlaqədar Hindistanın cənub-şərqindəki Andhra-Pradeş ştatında 30 minə yaxın insanın təxliyə edilməsi planlaşdırılır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ştatın Fövqəladə Hallar İdarəsindən jurnalistlərə məlumat verilib.

Hindistan Meteorologiya Departamenti ştatın sahillərində güclü yağışlar və şiddətli külək əsməsi səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edib. Siklonun noyabrın 3-nə keçən gecə quruya çatacağı gözlənilir. Təbiət hadisəsinin təsiri Tamilnad və Odişa ştatlarına da toxunacaq. Bəzi şəhərlərdə məktəblərdə dərs prosesi dayandırılıb.

Hindistanın Təbii Fəlakətlərə Qarşı Milli Cavab Tədbirləri Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. "Murasu" beş nəfərin ölümünə səbəb olan digər güclü "Arnab" siklonundan bir həftədən də az müddət sonra Andhra-Pradeşə çatacaq. O zaman Andhra-Pradeş və Odişa sahillərindən 180 mindən çox insan təxliyə edilmişdi.

Məryəm Quliyeva