13:40
672
“Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının Parlament seçkilərindəki qələbəsi Ermənistanın Rusiyadan qopma və bu iki ölkə arasında münasibətlərin yeni əsaslarda qurulması prosesini sürətləndirəcək. Eləcə də Ermənistanın Qərbə inteqrasiyasının dərinləşdirilməsi üçün əlverişli şərait yaradacaq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli bildirib.
Deputat qeyd edib ki, bununla yanaşı, Paşinyanın bu qələbəsi ötən ilin avqustunda əldə edilən Vaşinqton razılaşmasında Azərbaycanla sülh və əməkdaşlıq üzrə nəzərdə tutulan tədbirlərin reallaşdırılması işini, o cümlədən Zəngəzur Dəhlizinin açılması istiqamətində əməli fəaliyyəti sürətləndirəcək: “ABŞ-nin dəstəklədiyi bu tranzit yolunun işə düşməsi həm Ermənistan və Azərbaycan, həm də region ölkələri üçün faydalı olacağı təxmin edilir. Bu, Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, son zamanlar Ermənistan-Türkiyə münasibətlərinə, pozitiv məcrada görülən işlərin və əldə edilən nəticələrin genişləndirilməsi işinə də müsbət təsir göstərə bilər”.
Ə.Məsimlinin fikirlərinə görə, Paşinyanın bu yeni qələbə ilə hakimiyyətdə qalması onun Azərbaycanın ərazi bütövlüyünün tanınması və sülh sazişinin bağlanması istiqamətində indiyədək dəfələrlə səsləndirdiyi bəyanatların gerçəkləşməsi istiqamətində real addımlar atılmasına da münbit zəmin yaradacaq.
Röya İsrafilova