Gürcüstanda əcnəbilərin ali məktəblərə qəbulu üçün əlavə şərtlər müəyyənləşdirilir Dünya

Gürcüstanda əcnəbilərin ali məktəblərə qəbulu üçün əlavə şərtlər müəyyənləşdirilir

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkənin "Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu" haqqında qanununa sərt dəyişikliklər layihəsi hazırlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, layihənin məqsədi miqrasiya proseslərinin idarə olunması üçün effektiv mexanizmlərin yaradılması və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsidir.

Sənədə əsasən, əcnəbi tələbələrin Gürcüstanın ali məktəblərinə qəbulu üçün əlavə şərtlər müəyyənləşdiriləcək. Universitetlər vahid informasiya sisteminə xarici tələbənin ali məktəbə qəbulu, təhsilinin dayandırılması və ya tələbə statusunun bərpası, akademik mobillik, təhsilin başa vurulması barədə və digər məlumatları daxil etməli olacaqlar. Bu tələblərin pozulması inzibati məsuliyyət yaradacaq. Ali məktəblərə cərimələr, xarici tələbə qəbuluna məhdudiyyət və ya avtorizasiyanın ləğvi kimi sanksiyalar tətbiq olunacaq.

Qanunvericiliyə düzəlişlər Gürcüstan vətəndaşı və əcnəbi arasında nikahın əsasında yaşayış icazəsinin verilməsi məsələlərini də tənzimləyəcək. Yeni - Gürcüstan vətəndaşının həyat yoldaşının yaşayış izni tətbiq olunacaq və onun verilməsindən öncə nikahın həqiqiliyini xüsusi komissiya yoxlayacaq.

Gürcüstan vətəndaşı ilə əcnəbi arasında saxta nikah cinayət məsuliyyəti yaradacaq. Cəzalar kimi əcnəbinin Gürcüstandan çıxarılması və ölkəyə iki ildən on ilədək giriş qadağası və ya cərimə, ya da bir ildən iki ilədək müddətə ev dustaqlığı və ya iki ilədək azadlıqdan məhrum etmə tətbiq olunacaq.