“Ukrayna ətrafında gedən sülh səyləri dərin köklərə malik deyil” Gündəm

“Ukrayna ətrafında gedən sülh səyləri dərin köklərə malik deyil”

Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) liderləri Vladimir Zelenski ilə görüşdən sonra Ukraynadakı münaqişə ilə bağlı birgə bəyanat yayıb.

Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Tofiq Abbasov deyib ki, Ukrayna ətrafında gedən sülh səyləri bir o qədər də dərin köklərə malik deyil: “Çünki əslində müharibənin uzanmasının səbəbi məhz elə Qərbi Avropanın Rusiyanı zəiflətmə planıdır. Biz elə Ukrayna prosesləri kontekstində görürük ki, bu istəklər, verilən bəyanatlar, hətta əldə olunan razılaşmalar çox kövrəkdir, müvəqqəti bir mahiyyətə malikdir”.

T.Abbasov söyləyib ki, ona görə də burada əsas məsələ ondan ibarətdir ki, ilk növbədə Avropa üçlüyü həqiqətən də sülh sazişinə sadiqlik göstərsinlər, dedikləri fikirlərə əməl etsinlər, səsləndirdikləri şüarları kağız üzərində yox, həm də əməllərdə təsdiqləsinlər: “Çünki məhz elə biz Donald Trampın da bu məsələlərə münasibətini gördük. Tramp bu müharibəni mütləq dayandırmaq lazım olduğunu deyir, ancaq ABŞ-nin səsini eşidən yoxdur. Daha doğrusu, eşidirlər, amma qulaqardına vururlar. Bu baxımdan da hesab edirəm ki, məhz elə London, Paris və Berlin gərək ilk növbədə həqiqi bir maraq göstərsinlər ki, artıq bu prosesdə sülh üçün bir zəmin yaransın. İlk növbədə dəstəyi dayandırmaq lazımdır ki, onlar Ukraynaya silah-sursat verməsinlər”.

Politoloqun sözlərinə görə, digər tərəfdən də Rusiyaya ciddi bir şəkildə müraciət edilməlidir ki, artıq qərar qəbul olunub və bu müharibənin mahiyyəti əhəmiyyət daşımır, o baxımdan ki, nə Rusiya uduzacaq, nə də Ukrayna: “Yəni faktiki olaraq nə hərb, nə sülh vəziyyəti olacaq. Əksinə, elə bir imkanlar yarana bilər ki, artıq Moskva və Kiyev özləri bir razılığa gəlsinlər. Hesab edirəm ki, bunun üçün imkanlar var. Əgər bu üçlük belə bir qərar qəbul edibsə, onda gərək özləri də ilk növbədə özlərinin niyyətlərini, maraqlarını təsdiqləsinlər”.

Röya İsrafilova