12:18
581
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 03–05 iyun 2026-cı il tarixlərində Horadiz şəhərində “Füzuli Gənclər Düşərgəsi” həyata keçirilib.
Füzuli Gənclər Evi və Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunan layihənin məqsədi gənclərin şəxsi inkişafına dəstək olmaq, onların liderlik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarıqlarını artırmaq olub.
Üç gün davam edən düşərgədə 100 gəncin iştirakı ilə liderlik, könüllülük, şəbəkələşmə, sosial layihələrin idarə olunması və süni intellekt mövzularında təlim və vorkşoplar keçirilib. Eyni zamanda iştirakçılar üçün komanda oyunları, intellektual yarışlar və idman fəaliyyətləri təşkil olunub.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və düşərgənin gənclər arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.




