21:07
609
“Azərbaycanda kitabxanalarda və məktəblərdə elmi və elmi-kütləvi materialların sayının artırılmasına ciddi ehtiyac var”.
Bunu millət vəkili Fariz İsmayılzadə “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.
Deputatın sözlərinə görə, mövcud vəziyyətlə bağlı hesabatlar və statistik göstəricilər də bu sahədə müəyyən çatışmazlıqların olduğunu göstərir:
“Doğrudan da bizim ölkəmizdə həm kitabxanalarda, həm məktəblərdə elmi və elmi-kütləvi materialların sayı azdır və bunu bütün hesabatlar da göstərir, statistika da göstərir. Bu istiqamətdə materialların artırılmasına böyük ehtiyac var. Dünyada texnologiyalar, elm və yeni kəşflər çox sürətlə inkişaf edir və gənclərin bu proseslərdən xəbərdar olması vacibdir.
Xüsusilə nəzərə alsaq ki, dünyada həm texnologiyalar, həm elm, həm kəşflər çox sürətlə dəyişir, inkişaf edir, yeniliklər gündən-günə artır. Gənclərimizi bu kəşflərlə, elmi trendlərlə tanış etmək, onları müasir texnologiyalarla və tədqiqatlarla tanış etmək çox vacibdir”.
Deputat vurğulayıb ki, bu sahədə dövlət proqramlarının hazırlanması, tədris məzmunlarının yenilənməsi və dərsliklərdə mütəmadi dəyişikliklərin aparılması zəruridir:
“Bunun üçün, təbii ki, dövlət proqramı da olmalıdır, məzmunlarda da dəyişiklik olmalıdır, dərsliklərdə də dəyişikliklər tez-tez aparılmalıdır. Kitabxanalarımızın materialları da artmalıdır. Yəni bu istiqamətdə çox ciddi dəstək vermək, diqqət göstərmək lazımdır.
Son illərdə Mədəniyyət Nazirliyinin kitab alışları istiqamətində elmi-kütləvi ədəbiyyata üstünlük verməsi müsbət addımdır.
Mədəniyyət Nazirliyində son illərdə kitab alışı və satışı istiqamətində elmi-kütləvi ədəbiyyata prioritet verilir. Bunu mən artıq görmüşəm, hiss etmişəm. Gələcəkdə isə bunu tədris materiallarında da əks etdirməliyik”.
Günel Elxan