"Artıq əvvəlki Rusiya yoxdur" Gündəm

"Artıq əvvəlki Rusiya yoxdur"

İstər Avropa Birliyi, istərsə də NATO şərqə doğru genişlənməkdə davam edəcək. Təsadüfü deyil ki, ötən əsrin 90-cı illərindən hər iki birlik bu istiqamətdə addımlar atır. Həm Şərqi Avropa ölkələri, həm Cənubi Qafqaz ölkələri, həm də Yaxın Şərq ölkələri ilə bağlı proqram layihələr həyata keçirilir.

Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.

"Şərq Tərəfdaşlıq proqram layihəsi Avropa Birliyi tərəfindən illərdir ki, dəstəklənir. Və bu kontekstdə artıq bəzi Şərqi Avropa ölkələri AB-yə üzv dövlətlərə çevriliblər. Latviya, Litva, Estoniya, Polşa və başqa bu kimi keçmiş SSSR "yanlı" dövlətlər indi Avropa Birliyindədirlər. Ancaq Rusiya ilə sərhəd olan bəzi dövlətlər bu proqram layihələr üzərində çalışsalar da, onlar hələ də AB üzvlüyünə daxil ola bilməyiblər. Ona görə yox ki, onlar AB kriteriyalarını qəbul etməkdə çətinlik çəkirlər, problemlər var. Ona görə ki, buna Rusiya davamlı olaraq imkanlar tanımayıbdır" - politoloq deyib .

O, qeyd edib ki, bu günün özündə belə Avropa Birliyinə sonradan daxil olan bəzi ölkələr, birlik daxilində müəyyən çətinliklər çəkir və bu hal təbii olaraq qəbul olunur. Eyni zamanda düşünülür ki, tezliklə bu çətinliklər də ortadan qalxacaqdır:

"Misal üçün Polşa iqtisadiyyatı ilə Almaniya iqtisadiyyatı eyni səviyyədə deyil və bu halın ortadan qalxması üçün müəyyən zamana ehtiyac vardır.

Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı çoxdan danışıqlar gedir. Ancaq buna yuxarıda qeyd etdiyim kimi Rusiya hər daim mane oldu. İndi isə situasiya dəyişir. Artıq əvvəlki Rusiya yoxdur. Cılız, iqtisadiyyatı və ordusu məhv olmuş Rusiya var. Və çox yaxın gələcəkdə biz parçalara bölünmüş Rusiyaya da şahidlik edəcəyik. Ukrayna Avropa Birliyi üçün həm iqtisadi, həm də hərbi güc deməkdir.

Baxmayaraq ki, bu gün Ukrayna çox böyük dağıntılara məruz qalıb. Hər iki tərəf də bir-biri üçün cəzbedicidir. Və Ukrayna tezliklə AB üzvü olacaqdır".

Xatırladaq ki, Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Taras Kaçka deyib ki,
Ukrayna Avropa Birliyinə (AB) qoşulmaq üçün bütün şərtləri yerinə yetirməyə razılıq verib.

Kaçkanın sözlərinə görə, Ukrayna tərəfi AB üzv dövlətlərinə üzvlük meyarlarına hazırkı vəziyyətdə olduğu kimi, eləcə də üzvlükdən əvvəl baş verəcək hər hansı dəyişiklikləri nəzərə alaraq cavab verəcəyinə zəmanət verib.

Cavid