“Azərbaycan Ordusu müasir çağırışlara uyğun yenilənir” Cəmiyyət

“Azərbaycan Ordusu müasir çağırışlara uyğun yenilənir”

“Hər bir müharibə və döyüş əməliyyatı ordunun döyüş hazırlığına, təcrübəsinə və gələcək inkişaf imkanlarına mühüm təsir göstərir. Bunun üçün əsas şərt əldə olunan təcrübənin düzgün təhlil olunması və hərbi islahatların həyata keçirilməsidir”.

Bunu Xalq Cəbhəsi.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsindən sonra yeni inkişaf konsepsiyası əsasında mühüm dəyişikliklər həyata keçirib:

“Vətən müharibəsindən sonra ordumuzda struktur islahatları aparıldı, yeni hərbi idarəetmə və təşkilatlanma istiqamətində addımlar atıldı. İlk növbədə quru qoşunların formalaşdırılması və sistemləşdirilməsi ordunun əsas dayaqlarından biri olan bu istiqamətin inkişafına mühüm töhfə verdi.

Quru qoşunların tərkibində komando hərbi birləşmələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Komando birləşmələri xüsusi əməliyyatların həyata keçirilməsi, sürətli və çevik hərbi fəaliyyətin təmin olunması baxımından vacib amildir. Bu istiqamətdə görülən işlər Azərbaycan Ordusunun əməliyyat imkanlarını genişləndirir”.

Ekspert qeyd edib ki, müasir texnologiyaların tətbiqi də ordunun inkişaf strategiyasının əsas istiqamətlərindən biridir:

“Pilotsuz uçuş aparatlarının idarə olunması və bu sahədə ayrıca strukturun yaradılması müasir döyüşlərin tələblərinə uyğun mühüm addımlardandır. Eyni zamanda hərbi hava qüvvələrinin modernləşdirilməsi, yeni döyüş aviasiya vasitələrinin əldə olunması ordumuzun imkanlarını artırır.

Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni nəsil döyüş təyyarələri, o cümlədən JF-17 qırıcıları hava imkanlarının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Xüsusi təyinatlı qüvvələrin genişləndirilməsi və onların struktur imkanlarının artırılması da ordunun döyüş qabiliyyətinin yüksəldilməsi baxımından vacib istiqamətlərdəndir.

Vətən müharibəsindən sonra həyata keçirilən islahatlar Azərbaycan Ordusunun bütövlükdə güclənməsinə, regional hərbi balansda mövqeyinin möhkəmlənməsinə xidmət edir. Güclü ordu isə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin əsas təminatlarından biridir”.

Günel Elxan