13:45
651
“ABŞ və İran arasında əldə olunmuş atəşkəs memorandumuna baxmayaraq biz görürük ki, SEPAH Hörmüz boğazında mütəmadi olaraq atəş açır. Hətta SEPAH-ın ticarət gəmilərinə atəş açması bir növ razılaşmanın pozulması deməkdir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə söyləyib.
Politoloq ABŞ-nin müəyyən reaksiya verəcəyini deyib: “Göründüyü kimi, SEPAH və konkret olaraq müəyyən qruplar var ki, danışıqların pozulmasında maraqlıdırlar. Hətta biz onların Tehran küçələrində Pezeşkiana və ABŞ ilə razılaşmalara qarşı çıxdıqlarını görürük, şüarlar səsləndirirər. Onlar bir növ bəsit üzvlərdir, SEPAH-a bağlı qüvvələrdir. Hesab edirəm ki, baş verənlər konkret olaraq ABŞ ilə yeni hərbi eskalasiyaya gətirib çıxara bilər. Təbii ki, bu, çox təhlükəli bir prosesdir və İran üçün də müsbət hər hansı bir perspektiv vəd etmir. Düşünürəm ki, ABŞ bir müddət də öz təmkinini qoruyacaq”.
M.Əsədullazadə diqqətə çatdırıb ki, İran daxilində müəyyən islahatçı mötədil qruplar da çalışacaq ki, atəşkəs qorunub saxlansın: “Çünki yekun müqavilə üçün 60 gün ərzində memorandumun qorunub saxlanması və şərtlərə əməl edilməsi vacibdir. Düşünürəm ki, növbəti mərhələdə islahatçılar və mötədil qruplar mühafizəkar kəsim üzərində müəyyən üstünlük əldə edəcəklər. Çünki provakasiya, SEPAH-ın hücumları yalnız müharibə deməkdir və müharibə də İranın növbəti mərhələdə darmadağın olunmasına, mülki infrastrukturunun sıradan çıxarılmasına gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, atəşkəs çalışılıb qorunub saxlanılacaq və növbəti mərhələdə müqavilə bağlanacaq”.
Röya İsrafilova