İran Omanın Hörmüz boğazının birgə idarə olunması planını rədd edib Gündəm

İran Omanın Hörmüz boğazının birgə idarə olunması planını rədd edib

​İran Omanın Hörmüz boğazında gəmiçiliyin normallaşdırılması ilə bağlı təklif etdiyi planı rədd edib. Sözügedən plan bu dəniz yolunun hər iki dövlət tərəfindən birgə idarə olunmasını, eləcə də gəmi sahiblərindən tranzit üçün könüllü ödənişlərin toplanmasını nəzərdə tuturdu.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat verib.

​Agentliyin məlumatına görə, Omanın bu planı Fars körfəzi ölkələri tərəfindən dəstəklənib. Nümunə kimi Malakka boğazından tranzit modelindən istifadə olunması təklif edilirdi; həmin model çərçivəsində İndoneziya, Malayziya və Sinqapur da əməliyyat xərclərini maliyyələşdirmək üçün gəmi sahiblərinin könüllü ödənişlərinə nəzarət edirlər. Agentlik qeyd edib ki, Tehran nəzarətin bərabər bölgüsü ilə razılaşmayıb.

​"Reuters" həmçinin bildirir ki, ABŞ-ın Hörmüz boğazı ilə bağlı mövqeyi tranzit üçün hər hansı rüsum və ödənişlərin olmamasından ibarətdir. Agentliyin məlumatına görə, Vaşinqtonun münaqişənin tənzimlənməsi üçün Tehrana təklif etdiyi variantlar tranzit rüsumlarının tutulması imkanını istisna edir.

Məryəm Quliyeva