“Dəhliz məsələsi yalnız iki dövlət arasında etimadla həll olunmalıdır” Gündəm

“Dəhliz məsələsi yalnız iki dövlət arasında etimadla həll olunmalıdır”

“Əslində bu məsələ iki dövlət arasında həll olunmalıdır və etimad o səviyyədə olmalıdır ki, ortaq sərhədlərdə, ərazidə kənar qüvvələr və başqa ölkələr müdaxilə edə bilməsin”.

Bunu deputat Fazil Mustafa Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, etimad mühiti formalaşmadan hər hansı dəhlizin işləməsi real görünmür:

“Yəni burada etimad olmasa, bu dəhliz işləməyəcək. Ona görə də birinci növbədə bu məsələ həll olunmadan dəhlizin açılmasının hansısa fayda verəcəyini söyləmək bir az sadəlövlük olar”.

Fazil Mustafa qeyd edib ki, prosesdə beynəlxalq özəl şirkətlərin iştirakı ilkin mərhələdə mümkün ola bilər:

“Təbii ki, burada beynəlxalq özəl şirkətlər hansısa formada dəhlizin açılmasında ilkin mərhələdə iştirak edə bilərlər. Amma ümumilikdə bütün hallarda tərəflər arasında bu məsələ elə səviyyədə həll olunmalıdır ki, sonradan hansısa münaqişə mövzusuna çevrilməsin”.

Deputatın sözlərinə görə, əsas məqsəd üçüncü qüvvələrin prosesə müdaxiləsinin qarşısını almaqdır:

“Ən vacib məqam odur ki, üçüncü qüvvələrin bura müdaxilə etməsinə heç bir zəmin yaranmasın. Bütün mexanizm elə qurulmalıdır ki, gələcəkdə bu məsələ yeni gərginlik və ya münaqişə predmetinə çevrilməsin”.

Günel Elxan