
Mariya Zaxarovanın Ermənistanın Qarabağı nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanımadığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinin işə salına bilmədiyi barədə bəyanatı ciddi suallar doğurur. Bu məntiqdən çıxış etsək, belə görünür ki, Rusiya bu gün də Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi deyil, xüsusi statusa malik mübahisəli ərazi kimi qiymətləndirir. Üstəlik, bu cür yanaşma belə bir nəticəyə gəlməyə əsas verir ki, əgər Ermənistan Qarabağı rəsmi şəkildə tanısaydı, Moskva KTMT mexanizmlərinin tətbiqini mümkün hesab edə bilərdi. Belə yanaşma isə beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə ziddir.
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.
"Qarabağ beynəlxalq hüquqa görə dünən də, bu gün də Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu fakt BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri ilə təsdiqlənib.
Xatırlatmaq lazımdır ki, təxminən otuz il ərzində Rusiya Qarabağ münaqişəsində əsas xarici oyunçulardan biri olub. Rəsmi şəkildə neytral mövqe nümayiş etdirməsinə baxmayaraq, Moskva Ermənistanla sıx hərbi-siyasi əməkdaşlıq saxlayıb və ona, o cümlədən güzəştli şərtlərlə silah tədarük edib. Gümrüdə yerləşən Rusiya hərbi bazası və Moskvanın Ermənistan qarşısındakı müttəfiqlik öhdəlikləri bu ölkənin hərbi potensialının güclənməsində mühüm rol oynayıb. Ekspert dairələrində müxtəlif dövrlərdə İrandan keçməklə Ermənistana silah daşınmasına dair məlumatlar da dəfələrlə müzakirə olunub, lakin bu iddiaların qiymətləndirilməsi etibarlı və yoxlanılmış mənbələrə əsaslanmalıdır" - politoloq deyib.
O, qeyd edib ki, uzun illər Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Rusiya tərəfindən beynəlxalq hüququn müdafiəsi naminə bu gün eşitdiyimiz qədər sərt siyasi bəyanatlar səsləndirilmədi:
"İkinci Qarabağ müharibəsi zamanı Rusiya rəsmi olaraq neytral mövqe tutduğunu bildirsə də, eyni zamanda Ermənistan qarşısındakı ikitərəfli müttəfiqlik öhdəliklərini yerinə yetirməyə davam edirdi. Məhz buna görə də Moskvanı yalnız tam qərəzsiz müşahidəçi kimi təqdim etmək tarixi faktların bütöv mənzərəsini əks etdirmir. Əgər bu gün Rusiya rəsmiləri beynəlxalq hüquqa istinad edirlərsə, həmin prinsip ardıcıl və siyasi istisnalar olmadan tətbiq edilməlidir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü nə 2020-ci ildən, nə də 2023-cü ildən başlayır; bu hüquq Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən etibarən bütün beynəlxalq birlik tərəfindən tanınıb. Buna görə də Qarabağın statusuna dair fərqli hüquqi yanaşma ehtimalını ehtiva edən hər hansı bəyanat Rusiyanın mövqeyinin ardıcıllığı barədə haqlı suallar doğurur və obyektiv siyasi-hüquqi qiymətləndirmə tələb edir".
Cavid