Təhsillə bağlı proqramlar demək olar ki, yox səviyyəsindədir Cəmiyyət

Təhsillə bağlı proqramlar demək olar ki, yox səviyyəsindədir

“Azərbaycanda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması üçün ilk növbədə istək olmalıdır.

Bunu təhsil eksperti Elmin Nuri Xalqcəbhəsi.az-a açıqlamasında deyib”.

Ekspert bildirib ki, televiziya kanallarında bu istiqamətdə ciddi maraq hiss olunmur:

“Əvvəlcə sualınızı şəffaf şəkildə cavablandırım. Azərbaycanda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması üçün ilk növbədə istək lazımdır. Təəssüf ki, bu istəyi görmürük. Maarifçiliyə xidmət edən layihələrin həyata keçirilməsi üçün televiziya rəhbərlərinin bu sahəyə xüsusi həvəsi və yanaşması olmalıdır”.

Elmin Nuri qeyd edib ki, özü də vaxtilə təhsillə bağlı televiziya layihələri təqdim etsə də, bu təşəbbüslər dəstək görməyib:

“Şəxsən mənim təhsillə bağlı bir neçə televiziya layihəm olub. Müxtəlif kanallara müraciət etmişəm. Lakin mənə açıq şəkildə bildirilib ki, sponsor varsa, layihə də var, sponsor yoxdursa, ehtiyac da yoxdur. Faktiki olaraq, belə təşəbbüslərə maraq göstərilməyib”.

Onun sözlərinə görə, televiziya kommersiya prinsipləri ilə fəaliyyət göstərsə də, maarifçilik missiyasını unutmamalıdır:

“Anlayıram ki, bazar iqtisadiyyatı şəraitində televiziya da gəlir əldə etməlidir. Amma televiziya yalnız reklam və qazanc üzərində qurulmamalıdır. Onun cəmiyyət qarşısında maarifləndirici missiyası da var. Bu missiya xüsusilə təhsil sahəsində özünü daha qabarıq göstərməlidir”.

Ekspert hesab edir ki, düzgün hazırlanmış təhsil proqramları geniş auditoriya toplaya bilər:

“Bu gün diqqət və maraq ən böyük dəyərdir. Elə düşünülür ki, təhsil proqramlarına auditoriya olmayacaq. Mən bununla razı deyiləm. Əksinə, peşəkar şəkildə hazırlanmış, maraqlı formatda təqdim olunan təhsil proqramları kifayət qədər geniş izləyici kütləsi toplaya bilər. Ən böyük auditoriyalardan biri məhz təhsil sahəsindədir. Sadəcə bunun mexanizmi düzgün qurulmalıdır”.

Elmin Nuri televiziya kanallarını bu sahənin mütəxəssisləri ilə əməkdaşlığa çağırıb:

“Televiziya rəhbərləri təhsil ekspertlərini bir masa arxasına dəvət etməlidirlər. Hətta qonorar verməsələr belə, bir araya gəlib müzakirə aparmaq mümkündür. Məqsəd həm televiziya üçün baxımlı məhsul hazırlamaq, həm də cəmiyyətə faydalı maarifçilik layihələri təqdim etmək olmalıdır. Bu balansı qurmaq mümkündür. Sadəcə bunu istəmək lazımdır”.

Ekspert vurğulayıb ki, hazırda ölkədə sırf təhsilə həsr olunan proqramlar demək olar ki, yoxdur:

“Bu gün təhsillə bağlı proqramlar yox səviyyəsindədir. Olan verilişlərdə də bəzən mövzu seçimi, aparıcının sualları və terminlərdən istifadə baxımından ciddi qüsurlar müşahidə olunur. Ayrı-ayrı tok-şoularda təhsil mövzusuna toxunulur, amma sırf bu sahəyə həsr olunmuş peşəkar proqramlar yoxdur. Hətta şahidi olmuşam ki, bəzi verilişlərdə abituriyentlə tələbə anlayışları, yaxud təhsilin pilləsi ilə təhsilin səviyyəsi qarışdırılıb. Bu kimi məsələlərdə daha peşəkar yanaşmaya ehtiyac var”.

Günel Elxan