Müasir Azərbaycan rəngkarlığında Natəvan obrazı Mədəniyyət

Müasir Azərbaycan rəngkarlığında Natəvan obrazı

AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir

Müasir Azərbaycan rəngkarlığında Natəvan mövzusuna müraciət edən əsərlər arasında Təranə Seyidin 2022-ci ildə yaratdığı “Xurşidbanu Natəvan” əsəri xüsusi maraq doğurur. Rəssam tarixi şəxsiyyətin obrazını klassik realist portret prinsipləri ilə deyil, dekorativ və ekspressiv təsvir vasitələri ilə təqdim edib. Əsərin kompozisiyasında Natəvan fiquru ön planda yerləşdirilmişdir. Lakin burada əsas diqqət yalnız portret oxşarlığına deyil, obrazın ətrafında qurulmuş bədii mühitə yönəlir. Arxa planda görünən ornamental elementlər, mürəkkəb naxış sistemi və rənglərin dinamik qarşılıqlı əlaqəsi Natəvanın yaşadığı mədəni mühiti xatırladır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov deyib.

O diqqətə çatdırıb ki, əsərin diqqətçəkən xüsusiyyətlərindən biri pəncərə motividir. “Natəvan sanki keçmişlə bu gün arasında qurulmuş simvolik bir çərçivənin içərisində təqdim edilir. Bu pəncərə yalnız memarlıq elementi deyil, tarixi yaddaşa açılan mənəvi keçid rolunu oynayır. Tamaşaçı Natəvana sadəcə portret kimi deyil, əsrləri aşaraq müasir dövrə gələn milli-mədəni irsin daşıyıcısı kimi baxır. Kompozisiyada nar, çiçək və ornamental motivlər də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan təsviri sənətində nar məhsuldarlığın, həyatın, bərəkətin və milli kimliyin rəmzlərindən biridir. Natəvanın yaxınlığında yerləşdirilmiş narlar onun yalnız şairə deyil, həm də xalqın mənəvi sərvəti kimi qəbul edilməsinə işarədir. Əsərin rəng həllində mavi, bənövşəyi, qızılı və çəhrayı tonlar üstünlük təşkil edir. Bu rənglər əsərə həm dekorativ zənginlik, həm də emosional dərinlik qazandırır. Xüsusilə mavi rənglərin dominantlığı Natəvan obrazına poetik və romantik xarakter verir. Rəng qatlarının sərbəst tətbiqi kompozisiyanın canlı və dinamik görünməsini təmin edir”,- deyə A.Xəlilov əlavə edib.

Dosent əsərdə Natəvanın baxışlarının xüsusi diqqət çəkdiyini deyib: “Bu baxışlar nə tamamilə keçmişə, nə də indiki zamana yönəlmişdir. Sanki rəssam onu zamanın fövqündə dayanan mənəvi dəyər kimi təqdim edir. Məhz buna görə əsər tarixi portret olmaqdan daha çox müasir bədii düşüncənin Natəvana münasibətinin ifadəsi kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, Azərbaycan rəngkarlığında Xurşudbanu Natəvan obrazı uzun illər ərzində müxtəlif bədii istiqamətlərdə inkişaf etmişdir. Realist portretlərdən başlayaraq poetik-simvolik kompozisiyalara, tarixi-süjetli əsərlərdən müasir dekorativ həllərə qədər geniş yaradıcılıq spektri formalaşmışdır. Bu əsərlərin hər biri Natəvan şəxsiyyətinin ayrı-ayrı cəhətlərini üzə çıxarsa da, onların hamısını birləşdirən əsas xüsusiyyət şairənin milli mədəniyyət tarixində tutduğu yüksək mövqenin təsdiqidir.

Azərbaycan rəssamları Natəvanı təkcə şairə və xan qızı kimi deyil, həm də mənəvi ucalığın, xeyirxahlığın, maarifçiliyin, ana məhəbbətinin, Qarabağ sevgisinin və milli özünüdərkin bədii rəmzi kimi təqdim etmişlər. Buna görə də Natəvan mövzusu Azərbaycan təsviri sənətində daim aktuallığını qoruyan və gələcək nəsil rəssamlar üçün də yaradıcılıq mənbəyi olaraq qalan mühüm mövzulardan biri hesab olunur”.