Şimali Koreya ordusu yeni hərbi gəmi ilə güclənir Gündəm

Şimali Koreya ordusu yeni hərbi gəmi ilə güclənir

Şimali Koreya "Çve Hyon" sinfinə məsub yeni "Kan Qon" esminetsini silahlanmaya qəbul edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb. Mərasim sentyabrın 6-da Vonsan limanında keçirilib.

Tədbirdə Şimali Koreya lideri Kim Çen In iştirak edib. O, ölkənin Hərbi Dəniz Qüvvələrinin Şərq donanmasına təhvil verilən gəminin göyərtəsinə qalxıb, döyüş otaqlarına baxış keçirib və heyətlə görüşüb.

Esminetsin döyüş sistemləri iyul ayında sınaqdan çıxarılıb. Təlimlər zamanı strateji qanadlı raketlərin buraxılışı həyata keçirilib, həmçinin göyərtə topları, avtomatik toplar və radioelektron mübarizə vasitələri yoxlanılıb.

2025-ci ildə "Kan Qon"un təntənəli şəkildə suya buraxılması zamanı qəza baş vermişdi — gəmi aşaraq yan üstə qalmışdı. Kim Çen In baş verənləri "cinayətkar məsuliyyətsizliyin" nəticəsi adlandırmışdı.

Məryəm Quliyeva