
"Dövlətin əsas vəzifələrindən biri cəmiyyətdə baş verən prosesləri, potensial təhdidləri və qəbul edilən qərarların gələcək fəsadlarını sıravi vətəndaşdan daha dərindən və uzaqgörənliklə qiymətləndirməkdir. Bu gün vətəndaş üçün əhəmiyyətsiz və ya yersiz məhdudiyyət kimi görünən bir addım sabaha böyük bir sosial problemə çevrilə bilər. Bu baxımdan, dövlətin rolu böhran yarandıqdan sonra müdaxilə etmək deyil, riskləri öncədən təxmin edərək vaxtında qabaqlayıcı tədbirlər görməkdir. Azərbaycanda məktəbli forması və müəllimlərin geyim qaydalarına edilən son dəyişikliklərə də məhz bu prizmadan yanaşılmalıdır. Şagird və müəllimlərin geyimi ilə bağlı addımlar sırf zahiri görünüş məsələsi deyil, təhsilin dünyəvi xarakterinin, ictimai həmrəyliyin və dövlətçilik prinsiplərinin qorunmasına xidmət edir. Ümumi təhsilin dünyəviliyi qanunvericilikdə təsbit olunduqdan sonra hökumətin məktəbli forması və müəllimlərin geyimi üzrə müəyyənləşdirdiyi işgüzar üslub tələbləri təhsil müəssisələrində neytral və dünyəvi mühitin saxlanmasını hədəfləyir."
Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, məktəb fərdin uşaqlıqdan etibarən qarşılaşdığı ilk ümumi ictimai təsisatdır. Ailədə valideynlərinin dini və mənəvi baxışlarını mənimsəyən uşaq, məktəb mühitində fərqli dünyagörüşünə malik insanlarla bir araya gəlir. Məhz burada anlayış formalaşır ki, mənsub olunan ailə və ya icma fərdin cəmiyyətdəki mövqeyini müəyyən etməməlidir. Vahid geyim forması bu prinsipi möhkəmləndirir, o, sosial-iqtisadi fərqlərin hər gün nümayişkaranə şəkildə qabardılmasının qarşısını alır. Dini fərqliliklərə gəldikdə isə, ümumi qaydaların məntiqi eynilə qüvvədə qalır. Əhalisinin əksəriyyəti müsəlman olan, lakin dünyəvi dövlət quruluşunu şüurlu şəkildə seçən bir ölkədə vətəndaşların dini etiqad azadlığı təmin edilsə də, dövlət təsisatları, xüsusən də azyaşlıların tərbiyə olunduğu və təhsil aldığı məktəblər heç bir dinlə eyniləşdirilməməlidir.
K.Bayramov qeyd edib ki, uşaq yaşlarında dini qaydalara əməl olunması əksər hallarda şəxsi seçimdən çox valideynlərin yönləndirməsi ilə baş verir. Məktəb mühitində dini geyimlərin olması bəzən şagirdlər arasında mənəvi baxımdan qeyri-obyektiv müqayisələrə, bölücülüyə və süni iyerarxiyaların yaranmasına gətirib çıxara bilər. Məktəbi belə ayrı-seçkiliyə şərait yaratmamalı, öz mövqeyini açıq ifadə edə bilməyən uşaqların da maraqlarını nəzərə almalıdır. Analoji məsuliyyət müəllimlərin də üzərinə düşür. Pedaqoq təkcə bilik verən deyil, həm də davranışı və görkəmi ilə nümunə olan şəxsdir. Pedaqoji fəaliyyətdə işgüzar geyim üslubu müəllimin siyasi və dini neytrallığını vurğulayır, diqqəti dərs prosesinə cəmləyərək sinifdə peşəkar iş mühitini təmin edir.
Deputat həmçinin əlavə edib ki, qadınların ictimai həyatda fəal iştirakı və dünyəvi təhsil hüququ cəmiyyətimizin qazandığı mühüm dəyərlərdir və bu nailiyyətlərin qorunması ardıcıl dövlət siyasəti tələb edir. Bu mövzuda müzakirələrin uşaqların təhsil hüququna xələl gətirməsinə və ya müəyyən qüvvələrin siyasi alətinə çevrilməsinə yol vermək olmaz. Xüsusilə ibtidai sinif şagirdlərinin dini seçimləri məsələsinə həssaslıqla yanaşılmalı, uşaqların kənar təsirlərdən və potensial istismardan qorunmasına xüsusi diqqət yetirilməlidir. Valideynlərin övladlarını öz əqidələrinə uyğun böyütmək hüququ olsa da, məktəb hər bir ailənin fərdi dini qaydalarını tətbiq etmək məcburiyyətində deyil. Dünyəvi məktəb inancı inkar etmir, cəmiyyətin ümumi vətəndaşlıq qaydalarının fərdi dini əqidələrdən üstün tutulduğu neytral bir təhsil mühiti təklif edir.
Cavid