İsrail İndoneziyalı pilot səbəbindən Efiopiya təyyarəsini geri qaytarıb Dünya

İsrail İndoneziyalı pilot səbəbindən Efiopiya təyyarəsini geri qaytarıb

İsrailin aviasiya qurumları pilotlardan birinin İndoneziya vətəndaşı olması barədə məlumat aldıqdan sonra "Ethiopian Airlines" şirkətinə məxsus yük təyyarəsinə eniş icazəsi verməkdən imtina edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

Hadisə bazar ertəsi baş verib. Portalın məlumatına görə, "Ethiopian Airlines"ın yük təyyarəsi Əddis-Əbəbə hava limanından Təl-Əvivə doğru istiqamət alıb. Təyyarə havalandıqdan sonra İsrail xidmətləri heyət üzvlərinin siyahısını əldə edib və pilotlardan birinin indoneziyalı olduğunu aşkar edib. İsrailin aviasiya qaydalarına əsasən, İsrail ilə diplomatik əlaqələri olmayan ölkələrin vətəndaşı olan pilotlar ölkə ərazisinə uçuşlar həyata keçirə bilməzlər.

Enişə imtina cavabı aldıqdan sonra təyyarə yanacağını dənizə boşaldaraq Efiopiyaya qayıdıb. Pilot əvəzləndikdən sonra hava gəmisi yenidən İsrailə tərəf yönəlib və Təl-Əviv hava limanına eniş edib.

Portalın qeyd etdiyinə görə, "Flydubai" aviaşirkətinin təyyarəsi ilə bağlı baş verən insidentdən sonra İsrail hakimiyyəti hava məkanına nəzarəti gücləndirib və ölkə ərazisinə uçan təyyarələrin heyət üzvlərinin və sərnişinlərinin siyahılarını daha diqqətlə yoxlamağa başlayıb.

Məryəm Quliyeva