“Azərbaycan beynəlxalq mövqeyini möhkəmləndirir” Gündəm

“Azərbaycan beynəlxalq mövqeyini möhkəmləndirir”

“Azərbaycanın müstəqillik tarixində dünya birliyinə inteqrasiya, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində düşünülmüş və ardıcıl xarici siyasətin xüsusi rolu var”.

Bunu millət vəkili Tənzilə Rüstəmxanlı Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini xarici siyasətinin mühüm prinsiplərindən biri kimi qəbul edir:

“Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin qlobal və regional proseslərdə fəal iştirakı ilə özünü göstərir. Azərbaycan artıq yalnız regional məsələlərin deyil, enerji təhlükəsizliyi, nəqliyyat, iqlim dəyişiklikləri, humanitar əməkdaşlıq və sivilizasiyalararası dialoq kimi qlobal məsələlərin müzakirəsində də fəal tərəf kimi çıxış edir”.

T.Rüstəmxanlının fikrincə, Azərbaycanın dünya birliyinə inteqrasiyası davamlı və uzunmüddətli prosesdir: “Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri mövcud beynəlxalq tərəfdaşlıqları daha da dərinləşdirmək, yeni əməkdaşlıq platformaları yaratmaq və ölkənin iqtisadi, siyasi və humanitar potensialından beynəlxalq səviyyədə daha səmərəli istifadə etməkdir.Azərbaycanın dünya birliyinə inteqrasiyası artıq çoxşaxəli və genişmiqyaslı xarakter daşıyır. Region ölkələri ilə strateji tərəfdaşlıq, Avropa və Asiya dövlətləri ilə iqtisadi və enerji əməkdaşlığı, Türk dünyası ilə sıx əlaqələr, beynəlxalq təşkilatlarda fəal iştirak və humanitar diplomatiya Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən əsas amillərdəndir”.

Günel Elxan