Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan münasibətləri baxımından mühüm il olub Siyasət

Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan münasibətləri baxımından mühüm il olub

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili 2026-cı ilin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.

O bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Maka Boçorişvili bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirib, Baş nazir Əli Əsədovla da görüşü nəzərdə tutulub.

Nazir qeyd edib ki, görüşlərdə strateji əməkdaşlıq, regionda mövcud vəziyyət və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Maka Boçorişvilinin sözlərinə görə, cari il yüksək səviyyəli siyasi dialoq baxımından məhsuldar olub. O, Azərbaycan Prezidentinin Gürcüstanda qəbul edilməsini ölkəsi üçün böyük şərəf kimi qiymətləndirib.

Nazir ikitərəfli əlaqələrin inkişafında nəqliyyat və regional bağlantıların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, altı illik fasilədən sonra Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası mühüm addımdır.

O həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsinin regional bağlantıların gücləndirilməsi və hər iki ölkənin nəqliyyat potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.