Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycan iqtisadiyyatının inamlı artımını proqnozlaşdırır İqtisadiyyat

Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycan iqtisadiyyatının inamlı artımını proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ilin yekununda Azərbaycan iqtisadiyyatının 4,5 faiz səviyyəsində artımını proqnozlaşdırır.

Trend çərşənbə günü xəbər verir ki, bu barədə AYİB-in "Transition Report 2022-23" hesabatında deyilir.

Eyni zamanda, Azərbaycanda illik inflyasiyanın 12,2 faiz olacağı proqnozlaşdırılır.

"Azərbaycanın iqtisadi artımı əvvəllər proqnozlaşdırılandan yüksəkdir. 2022-ci ilin 10 ayında ÜDM-in 5,6 faiz, 2021-ci ildə isə 5,8 faiz artımı proqnoza yenidən baxılması üçün zəmin yaradır. Enerji qiymətləri və Azərbaycan qazına tələbat qısa müddətdə yüksək olaraq qalacaq ki, bu da ümumi iqtisadi vəziyyəti dəstəkləyəcək. 2022-ci ildə ÜDM-in 4,5 faiz artımını gözləyirik, lakin gələn il 2,5 faizədək yavaşlama ola bilər. İqtisadiyyat üçün əsas risklər inflyasiya və enerji qiymətlərinin mümkün azalması ilə bağlıdır. Bundan əlavə, yaxın illərdə Azərbaycan qaz sənayesinə investisiyalardan faydalana bilər, belə ki, Aİ ölkələri tədarükləri şaxələndirir", - hesabatda deyilir.