Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır İqtisadiyyat

Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır

Tural

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiyanın Konsepsiya Sənədinə dair seminar keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlərin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini, "Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi"nin idarəetmə qrupunun direktoru Sahil Babayev qeyd etmişdir ki, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığının qorunması, bərk məişət tullantılarının idarə edilməsinin müasirləşdirilməsi və yenidənqurulması ölkəmizdə prioritet istiqamətlərdəndir. Vurğulanmışdır ki, Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, paytaxt ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə "Təmiz Şəhər" ASC yaradılmış, Balaxanı qəsəbəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodları istifadəyə verilmişdir. Hazırda Balaxanıda Eko-Sənaye Parkı yaradılmaqdadır.
Bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 2009-cu ildən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən uğurla həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində Qaradağ və Suraxanı poliqonları tam bərpa edilmiş, bərk məişət tullantılarının idarəçiliyi üzrə Böyük Bakı Strategiyası və Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin optimallaşdırılmasına dair hesabat hazırlanmış, tullantıların elektron informasiya sisteminin tətbiqinə başlanılmış, Bakı şəhəri və onun ətraf rayonlarındakı 41 iri qeyri-qanuni tullantı sahələri bağlanmış, paytaxtda toplama və daşınma sisteminin təkmilləşdirilməsi üçün 3239 müxtəlif ölçülü tullantı konteynerləri və 29 ədəd tullantı daşıyan yük maşınları ilə təchiz olunmuşdur.
Layihənin 2014-2016-cı illəri əhatə edən ikinci mərhələsində Balaxanı poliqonunun yenidən qurulması işlərinə, habelə Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya, Texniki İqtisadi Əsaslandırma və Regional İnvestisiya Planlarının hazırlanmasına başlanılmışdır. Bu məqsədlə beynəlxalq məsləhətçi şirkətlərin konsorsimu cəlb edilmiş və onlar tərəfindən ölkəmizdə bərk məişət tullantılarının idarə edilməsinin cari vəziyyətinin öyrənilməsi məqsədilə 11 pilot sahədə tullantıların tərkibinin və həcminin müəyyənləşdirilməsinə dair tədqiqatlar, ölkənin yol şəbəkəsinə, relyef, geoloji, hidrogeloji və topoqrafik xüsusiyyətlərinə, çay və göl şəbəkəsinə dair araşdırmalar aparılmış, müxtəlif dövlət qurumlarından alınmış statistik məlumatlar, rayon və şəhərlərdən daxil olmuş sorğular təhlil edilmişdir. Bu məlumatlar əsasında məsləhətçi şirkət ölkə ərazisində bərk məişət tullantılarının davamlı idarə edilməsinə dair daşınma, toplama və zərərsizləşdirmə sisteminin qurulmasının optimal seçimi kimi regional sanitar poliqon və ötürücü məntəqələr şəbəkəsinin yaradılmasını təklif etmiş və sahə üzrə hüquqi, inzibati, maliyyə, institusional və texnoloji islahatlara dair seçim və inkişaf ssenarilərini özündə əks etdirən Konsepsiya Sənədinin layihəsini hazırlamışdır. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla Konsepsiya Sənədinin əsasında Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın yekun layihəsi hazırlanacaq və hökumətə təqdim ediləcəkdir.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Larisa Leşçenko Bank və Azərbaycan arasında əməkdaşlığın çoxşaxəli olduğunu və bir sıra sahələri əhatə etməklə uğurla davam etdirildiyini qeyd etmiş, layihəyə dair fikirlərini bölüşmüşdür. "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə çıxışında qurumun fəaliyyəti, Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər barədə danışmışdır. Sonra Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi sahəsindəki mövcud vəziyyətə və qarşıya qoyulan hədəflərə, Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın məqsədlərinə və Konsepsiya Sənədinə dair təqdimatlar keçirilmişdir. Tədbirdə aidiyyəti qurumlar Konsepsiya Sənədinin layihəsinə dair rəy və təkliflərini bildirmişlər.